Bakı Apellyasiya Məhkəməsinin müraciətinə əsaslanan Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrini əlaqəli şəkildə şərh edib.
Müəyyən olunub ki, “Expressbank” məhkəmədə vətəndaş Ə.Həsənovaya qarşı iddia qaldıraraq borcalan İ.Həsənovla bağlanmış kredit müqavilələri üzrə yaranmış borca görə tutulmanın ipoteka qoyan Ə.Həsənovaya məxsus fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4 min 264,73 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edib.
İddia onunla əsaslandırılıb ki, 6 may 2015-ci ildə bağlanmış kredit müqavilələri əsasında İ.Həsənova kredit verilib. Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Ə.Həsənovanın mülkiyyətində olan fərdi yaşayış evi eyni tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulub.
Borcalan 31 avqust 2017-ci ildə vəfat edib və həmin tarixdən başlayaraq kredit müqaviləsinin şərtləri pozulub, kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilib.
Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il qətnaməsi ilə iddia tələbi təmin edilməyib.
Həmin qətnamədən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən əsas borcluya, yaxud onun vərəsələrinə qarşı tələb irəli sürülmədən ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməli olması ilə bağlı məhkəmə praktikasında müxtəlif yanaşmaların olduğu müəyyən edilib.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətə baxaraq qərar çıxarıb: “Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” qanunun 34.1-ci maddələrinə uyğun olaraq əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər”.