Vətəndaş cəmiyyəti eksperti Samir Əliyev daşınmaz əmlakın, o cümlədən mənzillərin icbari sığortalanması məsələsinin təzədən gündəmə gəldiyini yazır, iyunun 1-dən yeni elektron sistemin işə düşəcəyi, sığortadan yayınmaya görə avtomatik cərimə tətbiq olunacağı barədə məlumatları xatırladır.
“İcbari sığortalar haqqında” qanuna əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənməsi üçün tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Novator.az bildirir ki, illik icbari sığorta haqqı Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, başqa bölgələrdə 30 manatdır.
Sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə 200 manat cərimə düşür.
Samir Əliyev qeyd edir ki, daşınmaz əmlakın icbari sığortası tələbi qanunvericilikdə 2011-ci ildən nəzərdə tutulub, cərimələr 2015-ci ildə rəsmiləşib: “2019-cu ildə bu məsələ gündəmə gələndə cəmiyyətin etirazları nəticəsində sığorta şirkətləri geri çəkilməyə məcbur oldu. O dövrdə bununla bağlı fikrimi yazmışdım, yenidən xatırlatmağa lüzum görürəm.
Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. Bu baxımdan icbari sığorta Azərbaycan vətəndaşlarının konstitusiya ilə verilmiş mülkiyyət hüququna ziddir. Nəyə görə dövlət mülkiyyətçinin əvəzindən qərar verib onu sığortaya məcbur etməlidir? Mənzilin icbari sığortası mülkiyyətçinin öz zərərini minimuma endirməsi üçündür. Bunun məcburi edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.
Bu yöndə cərimə mexanizminin işləməsi isə şübhə doğurur. Çünki cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmət ödənməyəndə onun verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobil sığortalanmayanda sürücü maşınını itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Mülkiyyətçinin mənzili əlindən alınacaq?
Məncə, yaşayış evlərinin könüllü sığortalanması mexanizminə keçilməlidir. Əks halda icbari sığorta işləməyəcək və müəyyən qədər sosial gərginlik yaradacaq”.