Mayın 17-si Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğlunu oğurlamaq istəyiblər. Armtimes.com xəbər verir ki, hadisə saat 15 radələrində baş verib. Bir qrup şəxs evinin yanında Aşot Paşinyanı maşına basıb aparmaq istəyib, ancaq o, son anda özünü maşından yola atıb, bu zaman arxadan gələn maşına çırpılaraq ayağından xəsarət alıb.
2000-ci il təvəllüdlü Aşot Paşinyan 2018-2020-ci illərdə işğal altında olan Azərbaycan ərazilərində hərbi xidmət keçib.
Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Aykakan jamanak” qəzetinin baş redaktorudur. Ailənin üç qızı da var.
Son vaxtlar Ermənistanda radikal qüvvələr Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımaq, bu şərtlə sülh razılaşmasına getmək niyyətinə görə cəzalandırmaqla hədələyir.
Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Nikol Paşinyan 1992-ci ildən jurnalist fəaliyyəti göstərib, 2009-2011-ci illərdə həbsdə yatıb.
2012-ci ildə Erməni Milli Konqresindən parlamentə mandat alıb.
2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ildə qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da və 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkilərini udan Nikol Paşinyan kürsüsünü qoruyub.