Dünya mediasından
- 13 May 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Rusiyanın hərbi təcavüzü Ukrayna cəmiyyətində mədəni inqilaba səbəb olub. “Nyu-York Tayms” qəzetində dərc edilmiş “Ukraynanın sosial media ulduzları öz yanaşmalarını dəyişir” başlıqlı yazıda deyilir ki, ukraynalı sosial media liderləri rus dilindən imtina yolunu tutub. Doğma dilə üstünlük verməsi bəzi tanınmış şəxslərin auditoriyasının daralması ilə də nəticələnib. Rus dilindən imtina edib Ukrayna dilini seçənlərin gəliri son bir ildə orta hesabla 24 faiz azalıb. Materiallarını yalnız doğma dildə yayan ukraynalıların videolarına baxış sayında azalma da 24 faiz göstərilir. Ancaq müharibənin sosial mediada Ukrayna dilində fəaliyyət göstərən bəzi şəxsləri məşhurlaşdırması, onlara əlavə auditoriya qazandırması halları da var. Məsələn, müharibəyə qədər ekoloq Pavel Vışebabanın “YouTube” kanalında ekoloji problemlərə həsr olunan videolara baxış sayı təxminən 300-ə yaxın olub. Müharibə başlananda Pavel Vışebaba ordu sıralarına yazılıb, həmçinin cəbhə xəttindən videolar çəkməyə girişib. İndi onun “YouTube”da 94 min, “İnstagram”da 131 min izləyicisi var.
Ukraynada müharibə başlanandan sonra Rusiyanı xeyli vətəndaş tərk edib. Buna əsas səbəb prezident Vladimir Putinin Ukraynaya hücum əmri verəndən sonra Rusiyada repressiyanı daha da gücləndirməsi və əli silah tuta bilən kişiləri yığıb döyüşə göndərməsidir. Repressiyadan və səfərbərlikdən yayınmaq üçün vətənini tərk etmiş rusiyalıların ən çox üz tutduğu ölkələrdən biri Gürcüstandır. “The Guardian” qəzetinin müxbiri Şon Uoker Ukrayna müharibəsindən sonra Gürcüstanda məskunlaşmış rusiyalılar haqqında reportaj hazırlayıb. Reportajda vurğulanır ki, gürcülərin bəzisi müstəqilliyin bərpasından otuz ildən çox vaxt ötdüyü bir dövrdə ölkənin ruslaşa biləcəyindən ehtiyatlanır. Reportaj “The Guardian” qəzetində “Xəbərləri yoxdur ki, burada onlara necə münasibət bəsləyirlər. Rusların Gürcüstanda sayının artması köhnə ədavəti oyadır” başlığı altında təqdim olunub.
Finlandiyanın məşhur “Helsingin Sanomat” (“Helsinki xəbərləri”) gündəlik qəzeti Kremlin Ukrayna müharibəsi haqda həqiqətləri gizlətmək üçün tətbiq etdiyi senzuranı aşmağın özünəməxsus yolunu tapıb. Qəzetin redaksiyası “Counter-Strike” kompüter oyununun (bu, əsasən virtual silahlı döyüş səhnələrindən ibarət oyun platformasıdır) istifadəçiləri üçün bir xəritə hazırlayıb. Belə qələmə verilib ki, bu, müharibə nəticəsində dağıdılmış bir slavyan şəhərinin xəritəsidir. Şəhərə “de_voyna” adı qoyulub. “Voyna” rus dilində müharibə deməkdir. Oyunun əsl mahiyyəti isə xəritədəki sirli otağa daxil olanda açılır. Oyunçu bu otağa girəndə onun qarşısına “Helsingin Sanomat” qəzetinin Rusiya-Ukrayna müharibəsinin dəhşətlərini əks etdirən yazıları, redaksiya əməkdaşlarının Ukraynanın viran olmuş şəhərlərindən çəkdiyi fotoşəkillər çıxır. Qəzetin baş redaktoru Antero Mukka “Reuters”ə deyib ki, redaksiya bu metodla rusiyalı gəncləri Ukrayna müharibəsinin gerçəklikləri haqda məlumatlandıra biləcəyinə ümid edir.
Böyük Britaniyada etnik və dini azlıq nümayəndələri siyasətlə ingilislərdən çox maraqlanır. Bunu Etnik Mənsubiyyət Dinamikası Mərkəzinin yeni tədqiqatı üzə çıxarıb. 14 mindən çox vətəndaş arasında keçirilən tədqiqat göstərib ki, irlandların, yəhudilərin, hind və Afrika mənşəli, eyni zamanda irqi, etnik, dini cəhətdən qarışıq ailələrdə doğulmuş britaniyalıların siyasətə marağı daha çoxdur. Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr siyasətə, partiyaların fəaliyyətinə təsirsiz ötüşə bilməz. Onların fikrincə, etnik qrupların rəyi bu gedişatla seçkilərdə həlledici faktorlardan birinə çevriləcək və aparıcı partiyaların taleyi onların həm də etnik qrupları maraqlandıran məsələlərdə hansı mövqe tutmasından asılı olacaq.
“Euronews” telekanalının internet səhifəsi “Niyə avtomobilləri yalnız kişi bədəninə uyğun düzəldirlər?” başlıqlı məqalə yayıb. Yazıda qeyd olunur ki, mütəxəssislər daim avtomobillərin təhlükəsizlik parametri üzərində işləyir. Bir qayda olaraq təhlükəsizlik parametrləri təkmilləşdirilərkən manekenlər üzərində sınaq aparılır. Amma məsələ bundadır ki, qəza testləri zamanı əsasən 1970-ci illərin orta yaşlı kişisinin bədən ölçüsünə uyğun manekenlərdən istifadə olunur. Yalnız bir istisna var, o da çağdaş qəza testlərində müxtəlif yaşlı sürücülərin, sərnişinlərin başından ala biləcəyi xəsarətləri müəyyənləşdirmək üçün istifadə olunan “Hybrid III” adlı manekenlərdir: “Bu maneken qrupuna bəstəboy qadına bənzər maneken də daxildir. Ancaq 2015-ci ildən istifadə edilən həmin qadın-maneken əslində 1970-ci illərdən tətbiq olunan kişi-manekenin modifikasiyaya uğramış, bir qədər kiçildilmiş versiyasıdır”. Məqalədə məsələyə bu cür yanaşma tənqid olunur. Vurğulanır ki, qadın kişinin balaca variantı demək deyil, qadın bədəninin xarakteristikası, geometriyası, əzələ gücü, onurğa sütununun quruluşu, bədənin ayrı-ayrı hissələrinin ağırlığının paylanması xüsusiyyətləri fərqlidir. Ona görə məqalədə “Hybrid III” qrupuna aid qadın-manekenin tətbiq olunduğu qəza testlərinin də qadınları təhlükələrdən yüksək səviyyədə qoruduğu şübhə altına alınır. Vurğulanır ki, avtomobil istehsalçıları təhlükəsizlik parametrini yalnız orta statistik kişi modelinə əsaslanmaqla təkmilləşdirə bilməz, fərqli modellər tətbiq olunmalıdır. O da qeyd edilir ki, söhbət təkcə cins fərqinin nəzərə alınmasından getmir, yaş fərqləri də diqqətdən qaçırılmamalıdır, özü də hər iki cinsdən olan insanların yaşı.
Dünyanın böyük muzeylərində qadın rəhbərlərin sayı artır. 2021-ci ildə Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyinə Lourens de Kars direktor təyin olunub. Siyahı bununla bitmir. Son bir neçə ildə Böyük Britaniyanın paytaxtı Londonda, Liverpul şəhərində və Kornuol qraflığında yerləşən dörd muzeyin daxil olduğu Teyt Qalereyasına, ABŞ-ın paytaxtı Vaşinqtondakı Milli İncəsənət Qalereyasına, Nyu-York şəhərindəki Bruklin Muzeyinə, Pensilvaniya ştatının Filadelfiya şəhərindəki, Missuri ştatının Sent-Luis şəhərindəki incəsənət muzeylərinə, bir sıra Vatikan muzeyinə qadın direktorlar təyin edilib. Lakin muzey direktoru olan qadınların sayı artsa da, bu sahədə kişi direktorlar hələ çoxluqdadur. 30 ilə yaxın Amerika Təbiət Tarixi Muzeyinə rəhbərlik etmiş, 2023-cü ilin mart ayında istefaya getmiş Ellen V. Futter “Nyu-York Tayms” qəzetinə deyib ki, muzey direktoru vəzifəsinə təyin edilən qadınların sayının artması onu çox sevindirir. “Nyu-York Tayms” qeyd edir ki, ABŞ-dakı qadın muzey direktorlarının əksəri ağdərilidir: “Amma istisnalar da var. Nyu-Yorkdakı Harlem Muzey-Studiyasına uzun müddətdir qaradərili Telma Qolden rəhbərlik edir. Ohayo ştatının mərkəzi Kolumbus şəhərində yerləşən incəsənət muzeyinə bu yaxınlarda qaradərili Bruk A. Minto direktor təyin olunub. 2023-cü ilin əvvəlindən Baltimor İncəsənət Muzeyinə rəhbərlik edən Əsma Naim əslən Pakistandan, 2021-ci ildən Sent-Luis İncəsənət Muzeyinin direktoru olan Min Yunq Kim isə Cənubi Koreyadandır”.