“Euronews” telekanalının internet səhifəsi “Niyə avtomobilləri yalnız kişi bədəninə uyğun düzəldirlər?” başlıqlı məqalə yayıb. Novator.az-ın məlumatına görə, yazıda qeyd olunur ki, mütəxəssislər daim avtomobillərin təhlükəsizlik parametri üzərində işləyir və yeni istehsal edilən avtomobillər sürücüləri, sərnişinləri qəza zamanı daha yaxşı qoruya bilir: “Bir qayda olaraq təhlükəsizlik parametrləri təkmilləşdirilərkən manekenlər üzərində sınaq aparılır. Real insan ölçüsündə manekenlər sükan arxasında və sərnişin yerlərində oturdulur, avtomobil müəyyən sürət yığandan sonra qəza simulyasiyası yaradılır, toqquşma zamanı manekenlərin aldığı “xəsarətlər”, xüsusilə “kəllə travmaları” araşdırılır. Bu sınaqlar avtomobil istehsala buraxılandan sonra yol-nəqliyyat hadisələrinin sürücülərə, sərnişinlərə təsirini müəyyənləşdirmək, onları pis aqibətdən sığortalamaq üçündür.
Belə testlərin sayəsində alıcılar satışa çıxarılan avtomobillərin nə dərəcədə təhlükəsiz olduğu haqda bilgi toplayır. Avropada həyata keçirilən Yeni Avtomobillərin Qiymətləndirilməsi Proqramı (EuroNCAP) çərçivəsində tərtib olunan təhlükəsizlik reytinqi bütün yeni növ avtomobilləri əhatə edir. Bəs bu proses bütün sürücüləri, sərnişinləri də əhatə edirmi? Belə görünür ki, yox.
Məsələ bundadır ki, qəza testləri zamanı əsasən 1970-ci illərin orta yaşlı kişisinin bədən ölçüsünə uyğun manekenlərdən istifadə olunur. Kişi və qadın bədəni o qədərmi oxşardır ki, testin yalnız kişi-maneken üzərində aparılması qadınları da təhlükələrdən sığortalamağa kifayət edir?”
Məqalədə xatırladılır ki, sözügedən məsələdə yalnız bir istisna var, o da çağdaş qəza testlərində müxtəlif yaşlı sürücülərin, sərnişinlərin başından ala biləcəyi xəsarətləri müəyyənləşdirmək üçün istifadə olunan “Hybrid III” adlı manekenlərdir: “Bu maneken qrupuna bəstəboy qadına bənzər maneken də daxildir. Ancaq 2015-ci ildən istifadə edilən həmin qadın-maneken əslində 1970-ci illərdən tətbiq olunan kişi-manekenin modifikasiyaya uğramış, bir qədər kiçildilmiş versiyasıdır”.
Məqalədə məsələyə bu cür yanaşma tənqid olunur. Vurğulanır ki, qadın kişinin balaca variantı demək deyil, qadın bədəninin xarakteristikası, geometriyası, əzələ gücü, onurğa sütununun quruluşu, bədənin ayrı-ayrı hissələrinin ağırlığının paylanması xüsusiyyətləri fərqlidir. Ona görə “Niyə avtomobilləri yalnız kişi bədəninə uyğun düzəldirlər?” məqaləsində hətta “Hybrid III” qrupuna aid qadın-manekenin tətbiq olunduğu qəza testlərinin də qadınları təhlükələrdən yüksək səviyyədə qoruduğu şübhə altına alınır.
Məqaləyə əsasən, yol-nəqliyyat hadisələrinin təhlili göstərib ki, qəza vaxtı baş zərblə çırpılanda qadının ağır kəllə-beyin travması alması və ya ölməsi ehtimalı kişiyə nisbətən 73 faiz çoxdur: “Belə qəzada qadının boynundan ciddi xəsarət alması təhlükəsi isə kişi ilə müqayisədə üç dəfə artıqdır. Ona görə avtomobillərin təhlükəsizlik parametrlərini təkmilləşdirmək məqsədilə həyata keçirilən qəza testlərində bu amillər ayrıca nəzərə alınmalıdır.
Oturaq vəziyyət xəsarət riskini artıran amildir. Qadınların boyu daha qısa olduğundan onlar sükana çox yaxın otururlar. Bu da qəza vaxtı bədənin həm aşağı, həm də yuxarı nahiyələrinin zərbəyə məruz qalması riskini gücləndirir.
Kişilərlə müqayisədə qadınlar təhlükəsizlik kəmərindən daha çox istifadə etsələr, əksərinin çəkisi kişilərdən daha yüngül olsa və əsasən təzə avtomobil sürməyə üstünlük versələr də, avtomobil toqquşmaları zərif cinsin nümayəndələrini daha böyük risklərlə üz-üzə qoyur”.
Məqalədə İsveç Milli Yol-Nəqliyyat Elmi-Tədqiqat İnstitutunun mühəndisi Astrid Linderin rəhbərliyi ilə bir qrup alimin qəza testləri üçün yeni qadın-maneken üzərində işlədiyi də xəbər verilir: “İsveçli mütəxəssislərin üzərində işlədiyi manekenin boyu 162 santimetr, çəkisi 62 kiloqramdır. Bu iş qadın bədəninin, o cümlədən qadınların oynaq və əzələlərinin özəllikləri, zərbəyə müqavimət dərəcəsi nəzərə alınmaqla aparılır”.
“Euronews” vurğulayır ki, avtomobil istehsalçıları təhlükəsizlik parametrini yalnız orta statistik kişi modelinə əsaslanmaqla təkmilləşdirə bilməz, fərqli modellər tətbiq olunmalıdır. O da qeyd edilir ki, söhbət təkcə cins fərqinin nəzərə alınmasından getmir, yaş fərqləri də diqqətdən qaçırılmamalıdır, özü də hər iki cinsdən olan insanların yaşı.
Mənbə: Euronews.com