“Rusiyanın hərbi təcavüzü Ukrayna cəmiyyətində mədəni inqilaba səbəb olub”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş “Ukraynanın sosial media ulduzları öz yanaşmalarını dəyişir” başlıqlı yazıda belə deyilir.
Vurğulanır ki, ukraynalı sosial media liderləri, izləyici sayını itirmək bahasına da olsa, rus dilindən imtina yolunu tutub: “Artıq Ukraynada rus qəhrəmanlara ucaldılmış abidələr ya götürülüb, ya da dağıdılıb. Sovet təhsil sisteminin onilliklər boyu təbliğ etdiyi rus yazıçılar, rəssamlar, bəstəkarlar indi qınaq obyektinə çevrilib. Derusifikasiya adlanan bu prosesin özəyində isə dilə münasibət durur. Ukraynalıların əksəri rus dilini yaxşı bilir. Amma indi onlar yalnız öz dillərində danışmağa və yazıb-pozmağa üstünlük verir. Əslində Ukraynada ana dilə keçid prosesi Sovet İttifaqı süquta uğrayandan, Ukrayna dövlət müstəqilliyini qazanandan start götürüb. Lakin Rusiyanın Ukraynaya qarşı total müharibəsi bu prosesi xeyli sürətləndirib”.
Yazıda qeyd olunur ki, doğma dilə üstünlük verilməsi bəzi tanınmış şəxslərin auditoriyasının daralması ilə də nəticələnib: “Bu isə adi məsələ deyil. Çünki ulduzların bir çoxunun məşhur brendlərlə imzaladığı sövdələşmənin taleyi onların reytinqinə bağlıdır. “YouTube” kanalından pul qazanmaq imkanı da bu kanalda yerləşdirilən materiala baxış sayından asılıdır.
“AİR Media-Tech” şirkətinin “YouTube” kanalında Ukraynanın 20 məşhur hesabı üzrə apardığı təhlil göstərib ki, rus dilindən imtina edib Ukrayna dilini seçənlərin gəliri son bir ildə orta hesabla 24 faiz azalıb. Materiallarını yalnız doğma dildə yayan ukraynalıların videolarına baxış sayında azalma da 24 faiz göstərilir. Bu enmələr əsasən həmin videoları Rusiyadan və digər postsovet ölkələrindən izləyənlərin sayının azalması ilə izah edilir”.
Onlayn fitnes kursları aparan ukraynalı xanım Sukur “Nyu-York Tayms”a deyib ki, Rusiya son müharibəyə başlayandan bəri o, gəlirinin yarıdan çoxunu itirib: “Amma xanım Sukur bunu təkcə ana dildə danışması ilə izah etmir. Deyir, məsələn, bəzi qadınlar onlayn kurslara pul ödəyə bilmir. O biri yandan insanların fikri-zikri müharibədə qalıb, necə deyərlər, qadınlar indi idman hayında deyil. Hazırda Sukurun “Facebook”da 149 min, “İnstagram”da 84 min, “YouTube”da 58 min izləyicisi var”.
Məqalədə Ukraynanın teleulduzlarından olan 41 yaşlı Aleksandr Pedandan da bəhs edilir. Bildirilir ki, Pedan sosial media karyerasına başlayana qədər də kifayət qədər populyar olub: “Müharibədən qabaq o, “YouTube” kanalında “Mafiya” kimi qrup oyunlarına aparıcılıq edib. Müharibə başlayandan sonra isə Pedan həm öz videolarında Ukrayna dilinə keçib, həm də könüllülər barəsində videolar hazırlamaq xəttini seçib. Tez-tez cəbhə bölgəsinə baş çəkən Pedan könüllü döyüşənlər haqda çoxlu video yayıb.
Pedan münaqişə üzündən didərgin düşmüş tələbələrə təhsillərini davam etdirmək üçün universitet tapmaqda da kömək etməyə başlayıb, bu mövzuda süjetlər hazırlayıb. Onun ən təsirli video materiallarından biri müharibənin xaraba qoyduğu Mariupol şəhərinə həsr olunub”.
Aleksandr Pedan “Nyu-York Tayms”a deyib ki, müharibə onun həm gəlirini, həm də tamaşaçılarını azaldıb: “Amma Pedan ölkəsində cərəyan edən taleyüklü hadisələrə reaksiya verməyi özünə borc bilir. Onun hazırda “İnstagram”da 647 min izləyicisi var”.
“Nyu-York Tayms”ın məqaləsində müharibənin sosial mediada Ukrayna dilində fəaliyyət göstərən bəzi şəxsləri məşhurlaşdırdığı, onlara əlavə auditoriya qazandırdığı da vurğulanır. Misal kimi ekoloq Pavel Vışebaba göstərilir. Bildirilir ki, müharibəyə qədər onun “YouTube” kanalında ekoloji problemlərə həsr olunan videolarına baxış sayı təxminən 300-ə yaxın olub: “Müharibə başlayanda Pavel Vışebaba ordu sıralarına yazılıb, həmçinin cəbhə xəttindən videolar çəkməyə girişib. İndi onun “YouTube”da 94 min, “İnstagram”da 131 min izləyicisi var”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
Mənbə: Nytimes.com