Dünya mediasından
- 30 Aprel 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Rusiya dünyanın gözündən düşüb – Gellap İnstitutunun 2022-ci ildə 137 ölkə və ərazidə apardığı sorğu bunu göstərib. Nətcələrə əsasən, respondentlərin orta hesabla 57 faizi Rusiya hakimiyyətinin addımlarını bəyənmir. 2021-ci ildə analoji göstərici 38 faiz olub. 2021-ci ildə respondentlərin 33 faizi Rusiya hakimiyyətinin addımlarından razı olduğunu bildirmişdi, 2022-ci ildə bu göstərici 21 faizə düşüb. Gellap İnstitutu 2022-ci il sorğusunun nəticələrini Rusiyanın qlobal qınağa məruz qalması, bu ölkənin dünyanın gözündən düşməsi kimi qiymətləndirir. 2022-ci il sorğusu zamanı Norveç və İsveçdə respondentlərin 96 faizi, Polşada 95 faizi, ABŞ və İslandiyada 93 faizi, Finlandiya və Böyük Britaniyada 92 faizi, Kanada, İspaniya, Portuqaliya və Litvada 91 faizi, Avstraliyada 90, Yeni Zelandiyada 89, Almaniyada 88, Gürcüstanda 85, Estoniyada 84, Cənubi Koreyada 81, Yaponiyada 79, Latviyada 78, Braziliyada 75, Argentinada 68, Türkiyədə 59, Ermənistanda 58, Qazaxıstanda 50 faizi Rusiya hakimiyyətini qınayıb.
ABŞ Dövlət Departamentinin xarici dövlətlərin dezinformasiyaları ilə mübarizə qurumunun – Qlobal Dialoq Mərkəzinin rəhbəri Ceyms Rubin bildirib ki, Qərbi Balkanda əsas təhlükə mənbəyi Rusiya dezinformasiyasıdır. Ceyms Rubinin sözlərinə görə, Serbiya media platformaları vasitəsilə yayılan Rusiya dezinformasiyaları sonradan sürətlə Şimali Makedoniyaya nüfuz edir: “Bu bölgə Rusiyanın yalan informasiyaları ilə daha çox zəhərlənib”. Ceyms Rubin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı ələ keçirə və Avropanı parçalaya biləcəyini düşünürdü: “Ancaq o, hərtərəfli uğursuzluğa düçar oldu. Bununla belə, Rusiya dezinformasiya və parçalanma təbliğatını yaymaqda davam edir. Moskvanın bu siyasəti insanları, ölkələri, icmaları bir-birindən ayırmağa, onlar arasında nifaq salmağa hesablanıb”.
İtaliya hökuməti əhalinin etnik tərkibinin dəyişmə ehtimalından ehtiyatlanır. “The Telegraph” qəzeti yazır ki, narahatlığı İtaliyanın kənd təsərrüfatı naziri Françesko Lollobricida dilə gətirib. O deyib ki, İtaliyada doğum səviyyəsi aşağı düşür, bir yandan da minlərlə mühacir ölkəyə axın edir. Nazir doğum səviyyəsini miqrantların hesabına artırmaq ideyasını bəyənmədiyini vurğulayıb və bunu ölkə əhalisinin etnik tərkibinin dəyişmə riski ilə izah etməyə çalışıb, qeyd edib ki, italyanlar az uşaq doğur deyə əhali sayını başqa etnik qrupları təmsil edən mühacirlər hesabına artırmağı düşünmək yanlışdır: “Ölkədə qadınları işlə təmin etməklə, onların uşaqlara indikindən yaxşı baxa bilməsinə şərait yaratmaqla italyan ailələrində daha çox körpənin dünyaya gəlməsinə nail olmaq mümkündür”. İtaliyalı nazirin məsələyə yanaşması ciddi mübahisələrə, tənqidlərə yol açıb. Müxalif Demokrat Partiyasının lideri Elli Şleyn deyib ki, nazirin yanaşması ağdərililərə üstünlük verilməsi kimi başa düşülür, bu isə 1922-1943-cü illərdə İtaliyada faşist rejiminə başçılıq etmiş Benito Mussolininin dövrünü xatırladır. Senator Filippo Sensi də Françesko Lollobricidanı etnik təmizləmə ideyası irəli sürməkdə günahlandırıb, onun sözlərinin tutduğu vəzifəyə uyğun gəlmədiyini vurğulayıb.
Qadına münasibətin dəyişməsi dünyanı varlandıra bilər. “Bloomberg” agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına əsasən vurğulayır ki, kənd təsərrüfatı sektorunda gender bərabərliyinin təmin olunması, qadınlarla kişilər arasında əməkhaqqı fərqinin aradan qaldırılması dünyada ümumi daxili məhsulun həcmini 1%-dək, başqa sözlə desək, 1 trilyon dollara qədər artıra bilər.
“Vaşinqton Post” qəzeti Çində repressiyaya məruz qalan uyğur qadınlardan biri – Gülbahar Haytivaci haqqında məqalə dərc edib. Gülbahar Haytivaci neft sənayesi mühəndisidir. Həyat yoldaşı və iki qızı ilə birlikdə Fransada mühacirətdə olan Gülbahara 2016-cı ilin noyabrında Çinin Sincan bölgəsindən – uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan bölgədən telefon zəngi gəlib. Zəng edən özünü neft şirkətinin işçisi kimi təqdim edib və Gülbahardan pensiyası ilə bağlı sənədləri imzalamaq üçün Sincana qayıtmasını xahiş edib. Demə bu, tələ imiş. İki həftəyə Fransaya geri dönəcəyini düşünən Gülbahar 2017-ci ilin yanvarında Çində həbs olunub. Ona dəhşətli işgəncələr veriblər, qızı ilə şantaj ediblər. İki ildən çox sürən əsarətdən və təzyiq altında videokamera qarşısında etirafedici ifadə verəndən sonra azadlığa çıxan Gülbahar 2019-cu ilin avqustunda Fransaya qayıdıb. O, azadlığa çıxandan sonra memuar yazıb. “Vaşinqton Post” vurğulayır ki, Gülbahar Haytivacinin başına gələnlər Çin hakimiyyətinin uyğurlara qarşı amansız repressiyasını, eyni zamanda kommunist rejimi ilə həmfikir olmayanların cəzalandırılması məsələsində həddini çox aşdığını göstərir.
ABŞ-da daşınmaz əmlak sahiblərinin qazancı onların irqi və etnik mənsubiyyətindən asılı olaraq dəyişir. CNN kanalı Milli Rieltorlar Assosiasiyasının araşdırmasına istinadla xəbər verir ki, qaradərili ailələr daşınmaz əmlakın alqı-satqı və ya kirayəsindən daha az gəlir əldə edir. Digər irqi və ya etnik qruplarla nisbətdə qaradərili şəxslər daşınmaz əmlakdan ən az qazanc götürən qrupdur. Son 10 ildə qaradərili ailə daşınmaz əmlakından orta hesabla 115 min dollar qazana bilib. Amma qaradərili daşınmaz əmlak sahiblərinin qazancının daha yaxşı olduğu yerlər də var. ABŞ-ın qərb və cənub bölgələrində yaşayan irqi, etnik qruplar daşınmaz əmlakdan daha çox qazana bilir və bu, qaradərililərə də aiddir. Həmin bölgələrə aid bəzi şəhərlərdə qaradərili ailələrin evləri 10 il əvvəlki dövrlə müqayisədə təxminən 500 min dollardan çox bahalaşıb. İrqi və etnik qruplar arasında ən bahalı evlərin sahibləri isə Asiya mənşəli amerikalılardır.