Böyük Britaniyanın “Financial Times” qəzetində “İranda hava qızdıqca qadın geyimi ilə bağlı mübahisələr də qızışır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Tehrandakı müxbiri Nəcmə Bozorgmehrdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Bu yay bəlkə də İranın ən qızmar yayı olacaq. Artıq Tehran rejimi indidən isti havalarda qadınların sərt geyim qaydalarına əməl etməyib daha yüngül, daha sərin paltarlara üstünlük verəcəyindən ehtiyatlanır.
2022-ci ilin sentyabrında 22 yaşlı gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsi, buna cavab olaraq payız-qış aylarında ölkədə dini rejim qurulandan bəri ən kütləvi etiraz aksiyalarının keçirilməsi bəzi qadınların baş örtüyündən və uzun ətəkli dondan imtinasına gətirib çıxarıb.
Hərarətin 40 dərəcədən yuxarı qalxa biləcəyi yay fəslində isə, bir sıra sərt xətt tərəfdarlarının dediyi kimi, “qadınların küçəyə lap çılpaq çıxacağı” qorxusu yaranıb, bu da İranın həm siyasi, həm də ictimai səviyyədə mühafizəkar kəsimini indidən yerindən oynadır.
Əsas narahatlıq heç də qadınların başını örtüb-örtməyəcəyi deyil. Bu gün İranın küçələrində, ticarət mərkəzlərində, restoranlarında xeyli başıaçıq qadına rast gəlmək mümkündür və hakimiyyət artıq buna göz yummağa məhkumdur.
İndi hökuməti daha çox qadınların qısaqol köynək, gödək ətəkli don, balağı qısa şalvar geyinəcəyi, hətta qarnını açıqda qoya biləcəyi narahat edir. Ona görə bir sıra səlahiyyətli din xadimi və parlament üzvü məmurları indidən təcili çıxış yolu tapmağa səsləyir.
Bu yaxınlarda Məşhəd şəhəri yaxınlığında bir dindar kişinin ərzaq dükanında iki hicabsız qadının başına ağartı əndərdiyi anı əks etdirən video yayılıb. Video bir neçə ay qabaqkı etiraz aksiyalarının amansızcasına yatırılmasından, 300-dən çox insanın öldürülməsindən hələ özünə gəlməmiş cəmiyyəti yenidən silkələyib, ictimai rəyi yenidən qıcıqlandırıb.
Bəzi müşahidəçilər deyir ki, İranda 40 ildən çoxdur meydan sulayan dini rejimin daha qadınların hamısını hicab taxmağa məcbur edə bilməyəcəyi fikri ilə barışmaqdan savayı yolu qalmayıb.
Lakin sərt xətt tərəfdarları bununla razılaşmaq istəmir. Onlar hesab edir ki, hakimiyyət qadınlara güzəştə getsə, dindar insanlar şəriət qaydalarına əməl olunmasına nəzarəti fərdi şəkildə öz üzərinə götürə bilər.
Sərt xətt tərəfdarlarından olan deputat Mürtəza Ağa Tehrani dindarları hicaba itaətsizliyin qarşısını almaq üçün hər yerdə, o cümlədən virtual aləmdə, sosial mediada fəal olmağa çağırıb.
Başqa bir deputat Cavad Hüseyni Kia xəbərdarlıq edib ki, hicabdan imtina edənlərin sayının artması ailələrin dağılmasına, dindar ərlərin öz xanımlarından üz döndərməsinə gətirib çıxara bilər.
Amma hakimiyyət ölkədə ab-havanı yumşaltmağın, ictimai sıxma-boğmanı azaltmağın yolunu da axtarır, mühafizəkar kəsimi qəzəbləndirməyəcək bir ortaq variant tapmağa çalışır.
Rejim zəif görünməkdən də qorxur. Düşünür ki, zəif görünsə, müxalifət meydanı ələ ala bilər.
Variantlardan biri – yasaqları qanundan çıxarmadan yumşaltmaqdır.
Bu yaxınlarda sərt xətt tərəfdarlarının təzyiqi ilə bəzi məmurlar qadınları hava limanı kimi ictimai yerlərdə hicab taxmağa çağırıb. Ancaq ümumən hakimiyyətin hələ də hicabsızlığa göz yummağa üstünlük verdiyi duyulur.
İslahat tərəfdarı kimi tanınan analitik Abbas Abdi hakimiyyətə hicab qanununun daha effekt vermədiyi reallığı ilə barışmağı, bu qadağadan imtina etməyi məsləhət görür. O deyir ki, başıaçıq qadınların üstünə qatıq əndərmək hicab yasağının dalana dirənməsinin əlamətidir.
İranda xalqın itaətsizliyi və rejimin səssiz güzəştləri bir sıra başqa qanunların da işləməməsinə gətirib çıxarıb.
Əslində ölkədə xarici kanalları izləmək üçün peyk antenləri quraşdırmaq yasaqdır. Amma demək olar hər evin damında peyk anteni var.
Saysız-hesabsız iranlı “İnstagram” şəbəkəsinə və “WhatsApp” messencerinə qoyulmuş məhdudiyyətdən yan keçmək üçün VPN proqramından istifadə edir.
Spirtli içkilərin satışı da faktiki icazəli formada çiçəklənir.
Hicab qanunundan da imtina olunacağını kimsə gözləmir. Amma o biri yandan qadın hərəkatı da yat-yut olası deyil.
Bir vaxt hətta uzun qara şalvarın altından ayağına ağ corab geyinən şagird qızları məktəbdən evə qaytarıb deyirdilər ki, get corabını dəyiş. Deyirdilər kişilərin diqqətini çəkir, ona görə belə corab geymək günahdır. Mən bunun şəxsən şahidi olmuşam.
Amma bu sayaq tələblərə keçmişdə boyun əyərdilər və yalnız o dövrün adamları ağ corab geyə bilmək üçün illərlə çəkinə-çəkinə mübarizə aparmağa razılaşardılar. Çağdaş zamanın xanımı azadlığı misqal-misqal qazanmaq, yaylığı başından çıxara bilmək üçün on illərlə gözləmək niyyətində deyil.
Hazırda təhsil aldığı universitetə hicabsız gedən bir tələbə qızla söhbətləşirdim, dedi yayda ən azı qısaqol köynək və topuğa qədər şalvar geymək fikrindədir.
Tehranda zəngin ailələrin yaşadığı bölgələrdə şalvarın balağını, yaxud donun ətəyini topuqdan yuxarı qaldırmış qadınların çılpaq ayaqlarını görmək mümkündür.
Bir dindar qadından eşitdiyim duanı da misal çəkim: “Allah bu yay bizi görəcək günlərdən saxlasın!”
Beləcə yay yaxınlaşdıqca cəmiyyətdə hər iki kəsim bir-birini həyəcanla izləyir, fikirləşir görən kim nə qədər uzağa gedə biləcək.
Mənbə: Ft.com