Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatına alınmaq cəhdlərini davam etdirir. Aprelin 17-də Novator.az-a danışan partiya sədrinin müavini Ədalət Yusub deyib ki, Ədliyyə Nazirliyinə beşinci müraciət də nəticə verməyib, ancaq ADR geri çəkilmək niyyətində deyil: “Həm Ədliyyə Nazirliyinə yenidən sənədlər göndərmək, həm məhkəməyə müraciət etmək fikrimiz var. Yerli məhkəmələrin qeydiyyat məsələsi ilə bağlı qərarlarından isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunub”.
Ötən həftə ADR sədri Qubad İbadoğlu açıqlama yayaraq bildirib ki, dövlət qeydiyyatına alınmaq üçün 2022-ci il dekabrın 22-də Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərə 2023-cü il aprelin 11-də cavab alınıb: “Nazirlik partiyanın təyinatlı orqanlarının fəaliyyətinə xitam verilməsi qərarını qurumun buraxılması kimi yozub, sənədlər baxılmadan geri qaytarılıb”.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.
ADR Partiyası nazirliyə üz tutdu
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
ADR-in qeydiyyatı səssizlik içində
ADR Partiyasının sənədləri niyə geri qayıtdı?
ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur
ADR-in qeydiyyatı: müddət başa çatıb
ADR Partiyasının sənədləri yenə geri qayıtdı
ADR: qeydiyyat işi məhkəməyə gedir
ADR-in qeydiyyat məhkəməsi başladı
ADR Partiyası məhkəmədən nə cavab alıb?
ADR Ali Məhkəməyə şikayət verib
ADR-in Ali Məhkəmədən istəyi var
“Mübarizədə bundan sonra da varıq”