Arif Hacılı
Müsavat Partiyasının başqanı
Aprelin 14-ü Nəriman Nərimanovun doğum günüdür. Sovet Azərbaycanında bu gün təntənə ilə qeyd edilərdi. Çünki Nərimanov Azərbaycanı işğal edən, milli hakimiyyətin devirən rus-sovet əsgərinin çiynində hakimiyyətə gəlib sovet hökumətinin xidmətində durmuşdu.
O, Ermənistanda sovet hakimiyyətinin qurulması şərəfinə Naxçıvan və Zəngəzur bölgələrini Ermənistanın ayrılmaz hissəsi adlandırmış, Yuxarı Qarabağda erməni əhalisinin öz müqəddəratını təyin etmək məqsədli referendum keçirməsini təklif etmişdi.
Nərimanovun müəyyən təsir imkanlarının olduğu 1920-1923-сü illərdə 48 min Azərbaycan “əks-inqilabçısı” pantürkizm, panislamizm damğası ilə güllələnmişdi. Onların əksəriyyəti müsavatçılar, Azərbaycanın istiqlalı naminə çalışmış, istiqlalımıza dəstək vermiş, rus işğalına qarşı çıxmış şəxslər, ziyalılar, cəmiyyətin elitar təbəqəsi idi.
Nərimanovun iradəsi və ya susqun razılığı ilə Azərbaycanın bütün düşünən başları kəsilmiş, bununla da o, hər kəsdən bir baş yuxarı olmağa çalışmışdı.
Məhəmməd Əmin Rəsulzadənin həbsini təşkil etmiş bir bolşeviki yüksək mənsəbə gətirməsini gizlətmir, bununla fəxr edirdi.
İndi bəzi psevdoalimlər, psevdoziyalılar Nərimanovun Azərbaycan istiqlalına və istiqlalçılarına qarşı amansız mübarizəsini pərdələməyə, müxtəlif uydurma arqumentlərlə haqq qazandırmağa çalışır. Bizim üçün ən vacib olan tarixi həqiqətlərə Azərbaycan dövlətinin qurucusu Rəsulzadənin verdiyi qiymətdir: “Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edama imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət istefa vermədi. Çünki xəstə idi. Mövqe, sandalya xəstəsi idi”.
Əslində Nərimanov Sovet Azərbaycanı tarixində belə müstəqil siyasi fiqur deyildi. Stalinin dediyi kimi, o, bolşevik Rusiyasına Azərbaycana qarşı istifadə etmək üçün bayraq kimi lazım idi.
Sonrakı illərdə Rəsulzadənin redaktoru olduğu “Yeni Kafkasya” qəzeti yazırdı: “Rus süngüləri ucunda hökumət kürsüsündə oturan Nəriman bu iqbalına bir az da öz keçmişi ilə haqq qazanmışdı. Azərbaycan kommunistləri deyilən şəxslər arasında bir az olsun tanınmaq şərəfinə nail olan yeganə biri var idisə, o da Nəriman idi… Sırf hiylə və oyun ilə gələn qırmızı qüvvət ilk günlərdə xalqın gözündə pərdə olacaq bir qumaşa möhtacdı. Bu qumaş rolunu ixtiyar Nərimanov ifa edirdi… Moskva ona veto haqqı da verməmişdi”.
1870-ci ildə Tiflisdə doğulan Nəriman Nərimanov həkim, yazıçı, ictimai-siyasi xadimdir. Azərbaycan Sovet Sosialist Respublikasında xarici işlər komissarı, İnqilab Komitəsinin sədri, Xalq Komissarları Sovetinin sədri vəzifəlini tutub, SSRİ Mərkəzi İcraiyyə Komitəsində Zaqafqaziyanın təmsilçisi olub, 1925-ci il martın 19-u Moskvada vəfat edib.