ABŞ-ın “Vaşinqton Post” qəzetində “Ümid və qorxu: iranlı rəssamlar üsyan yaşantılarını kətana köçürür” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin müxbiri Miriam Bergerdir. Novator.az məqaləni ingiliscədən çevirib diqqətə çatdırır.
2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra İranda hakimiyyət əleyhinə baş qaldıran aksiyalar zamanı foto, video çəkiliş aparmaq çox riskli idi. Amma bu aksiyaları evdə, emalatxanada oturub çəkmək olardı və İranın nümayişlərdən ilhamlanan bəzi rəssamları belə də ediblər. Onların yaradıcılıq işlərində xalqın üsyanı, ümidi, həyəcanı, eyni zamanda aksiyalar yatırılarkən baş verən faciələr əksini tapır.
Hakimiyyətin sərt repressiyası bir neçə ay sonra nümayişləri səngitsə də, əsas şüarı “Qadın, həyat, azadlıq” olan etiraz hərəkatı xüsusilə gənclərin 40 ildən çoxdur davam edən avtoritar dini idarəçiliyə münasibətini dəyişə, ölkənin gələcəyi haqda fərqli düşünməyə sövq edə bilib, rəssamların fırçasından çıxan əsərlər də bunu sübuta yetirir.
“Vaşinqton Post” qəzetinin son aylar əlaqə saxladığı iranlı rəssamlardan üçü xalq üsyanının onların yaradıcılığına necə təsir göstərdiyindən danışmağa razılıq verib. Amma hər üçü hökumətin repressiyasından çəkindiyi üçün mətbuatda yalnız adlarının qeyd olunmasını istəyib.
Onlardan birinin adı Emaddır. Deyir indi nə çəkirsə, hamısını repressiyaya qurban getmiş gözəl insanlara həsr edir. Özünü “islam respublikasının əleyhdarı” kimi təqdim edən tehranlı rəssam emalatxanasını üsyan salnaməsinə çevirib. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, 500-ə yaxın adamın ölümü, 20 mindən çox adamın həbsi ilə nəticələnmiş bu üsyanın salnaməsini Emad yağlı boya ilə yaradır. O, yaşananları, hadisələri, hissləri, ümidləri, qorxuları kətana köçürür. Onun bir rəsmində doğum günü məzar başında qeyd edilən aksiya qurbanları üçün “ad günü tortu” təsvir olunub.
Emad deyir ki, əsərlərində ən çox qadınları və qadağaları canlandırmağa çalışır: “Çünki bu üsyanın ön cərgəsində islam respublikasının uzun illərdir saya salmadığı qadınlar gedir”.
Ölkənin ən qorxunc təhlükəsizlik qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da onun rəsmlərində xüsusi yer tutur. Emad deyir ki, bu amansız dövlət orqanı insanların ömrünü-gününü, fikrini-zikrini zəbt edib.
Ötən ilin sentyabrında paytaxt Tehranda hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra işgəncə nəticəsində dünyasını dəyişmiş 22 yaşlı gənc qadın Məhsa Əmini kürddür. Rəssam Negin də kürd qadındır. O, İranın şimal-qərbində, kürdlərin sıx məskunlaşdığı Kirmanşahda yaşayır. Rəssamın ülvi arzusu etiraz hərəkatının episentri olmuş Kürdüstan əyalətinin avtoportretini yaratmaqdır.
Negin deyir: “İran uzun illərdir təməl hüquqlarından məhrum olunmuş bir toplumun yaşadığı ölkədir. Mənim xalqıma, xüsusən uşaqlara qarşı yönəlmiş qətliamın doğurduğu kədəri sözlə ifadə etmək mümkün deyil. Mən bu kədəri tam şəkildə kətana da köçürə bilmərəm. Ancaq mən bu ağrı-acını daima yaşayıram və yaradıcılığımda onu bacardığım qədər ifadə etməyə çalışıram. İncəsənət bütün xalqların başa düşdüyü dildə danışır. O, bir yel kimi bizdən keçib ağrılarımızı dünyaya çatdıra bilər”.
Negin rəsmlərindən birini göstərib deyir ki, bu əsəri yaradanda öz varlığına – qorxusuna, cəsarətinə, çəkingənliyinə, azadlığına, düşüncələrinə, hisslərinə çox dərindən nəzər sala bilib. Xanım rəssam xarici aləmdəki azadlıq mücadiləsinin daxildəki azadlıq mübarizəsi ilə paralel getdiyinə inanır.
İranın şimalındakı Rəşt şəhərindən olan rəssam Fərnud daxili aləmdəki “üsyan işığı” adlandırdığı fenomeni əbədiləşdirmək istəyir. “Zülmətdə oturmusansa, daima ətrafda nə baş verdiyini düşünməyə məhkumsan” deyən Fərnud bu yaşantını qan rəngində və od surətində ifadə etməyə çalışır. Deyir hara baxırsa, qətl qurbanlarını görür: “Ölüm hamımızın başının üstünü kəsdirib. Ancaq zil qaranlıqda da əvvəl-axır həyat özünü büruzə verib sözünü deyə bilir”.
Fərnudun sözlərinə görə, yaradıcılıq ona əsas həqiqəti unutmamaq üçün lazımdır: “Həmin həqiqət isə bundan ibarətdir: hər kəs qəlbinin dərinliyində bilir ki, zülmətin, bütün eybəcərliklərin o tayında işıq var”.
İranın küçələri üzdən də olsa sakit görünür. Deyəsən, hökumət nümayişlərin qızğın çağının geridə qaldığına inanır. Yəqin bu səbəbdən etirazlar zamanı tutulan minlərlə insan əfv edilib.
Amma iranlıların bir qismi hərəkatın yalnız ilk mərhələsinin başa çatdığını düşünür və yeni qığılcım gözləyir. İranlı rəssamlar indən belə baş verəcək hadisələrin də naqqaşı olmağa hazırdırlar.
“Biz nə qədər əziz dostumuzu itirmişik. O qədər qan tökülüb ki… Dünya bütün bunları görməli və hərəkətə keçməlidir” – Emad belə deyir.
Mənbə: Washingtonpost.com