ABŞ-da əksəriyyət işə girərkən təklif olunan maaşı dəbbələmir, daha yüksək məbləğ tələb etməkdən çəkinir. Novator.az-ın məlumatına görə, “Pyu” Araşdırma Mərkəzinin (Pew Research Center) keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
5,5 min işçi arasında fevralda aparılmış sorğu göstərib ki, iş müsahibələrində yüksək maaş tələbi qoyan kişilərin müsbət cavabı alması ehtimalı daha böyükdür. Kişilərin 58 faizi, qadınların 61 faizi son dəfə işə düzələrkən daha yüksək maaş istəmədiyini bəyan edib.
İşə girərkən daha yüksək əməkhaqqı tələb edənlərin 28 faizi danışıqların uğurlu olduğunu deyib. Respondentlərin 38 faizi istədiyi məbləğdən az, təklif edilən ilkin məbləğdən çox maaş almağa nail olduğunu bildirib.
Sorğu iştirakçılarının 35 faizi ilk təqdim olunan məbləğdə maaş aldığını qeyd edib. Qadınların 38 faizi, kişilərin 31 faizi ilk təklif olunan məbləğə razılaşmaq zorunda qalıb.
ABŞ-da maaş şəffaflığına və əməkhaqqı məbləğındə gender bərabərliyinə diqqət var. Kaliforniya, Nyu-York və Vaşinqton da daxil olmaqla bəzi ştatlarda iş elanlarında maaş məbləğıni göstərmək tələb olunur. İllinoys ştatı, Kolumbiya dairəsi daxil olmaqla bir sıra bölgələr də bu cür tələb qoymağı düşünür.
Son sorğulardan bəlli olub ki, ölkədə iş elanlarının yarıya qədərində maaş barədə məlumatlar yer alır. Ancaq gender bərabərliyinə nə qədər diqqət yetirilsə belə, qadınların qazancının aşağı olduğu vurğulanır. Onların kişilərin qazandığı hər 1 dollara nisbətdə 83 sent aldığı vurğulanır. Bu fərq qaradərili qadınların qazancında daha çox hiss olunur.
“Pyu”nun araşdırması kişi respondentlərin 42 faizinin, qadınların isə 36 faizinin onlara təklif olunan maaşdan razı qaldığını üzə çıxarıb. Qadınların 42 faizi, kişilərin isə 33 faizi təklif olunandan daha çox maaş tələb edərkən utandığını söyləyib.
Mənbə: Bloomberg.com