“France24” kanalının internet səhifəsi Ukrayna müsəlmanlarının Ramazan taleyindən yazıb. Novator.az-ın məlumatına görə, reportajda müsəlmanların ikinci ildir Ramazan ayını müharibədə keçirdiyi xatırladılır: “Son günlər şərq cəbhəsinə yaxın məsciddə namaz qılanların əksəriyyəti əsgərlər olur. 16 nəfərdən ibarət icmanın ibadət mərasimini aparan axund Murad Süleymanov Ramazanın qələbə ayı olduğunu qeyd edir, dualarında “Allah məscidimizi və Ukraynanı qorusun, tiranları cəzalandırsın” deyir. İbadətə qatılan 16 nəfərin 11-i, o cümlədən bir qadın hərbi formadadır”.
“France24” iki gün əvvəl məscidin yaxınlığına raket düşdüyünü, ibadət evinin sınıq pəncərə şüşələri və uçulmuş divar qırıntıları ilə dolu olduğunu bildirir: “Məsciddə ibadət edənlər arasında dini liderlərdən olmuş Səid İsmayılov da var. 44 yaşlı tatar Səid İsmayılov Ukraynada müharibə alovlanandan könüllü feldşerlərlə birlikdə təcili yardım maşınında sürücülük edir. O, yaralı əsgərləri cəbhə bölgəsindən təxliyə etməklə məşğuldur.
Qolunda xilasetmə batalyonunun etiketi olan Səid İsmayılov təcili yardım maşınını göstərir. Maşının qəlpələrdən deşilmiş hissələri yapışqanlı lentlə örtülüb. O, təhlükə anlarında Allahın mərhəmətini hiss etdiyini deyir: “Bəzən təcili yardım maşını dəlmə-deşik olur, ancaq, çox şükür, salamatam.
Müharibəyə qədər 13 il Ukrayna Ümmətinin Ruhani İdarəsinin müftisi olmuşam. İnsanlar savaş bölgəsindən təxliyə olunanda xidmət etdiyim məscid də boş qaldı. Kənarda qala bilməzdim, vətənimin müdafiəsinə qalxdım. Hazırda yaralıları xilas etməklə məşğulam”.
Mömin müsəlmanların Ramazanda sübhdən qaş qaralana qədər yeməkdən və sudan imtina etməli olduğunu xatırladan Səid İsmayılov müharibə şəraitində də orucluq qaydaları ilə yaşadığını deyir: “Mən Ramazanı müharibə şəraitində keçirməyə öyrəşmişəm, builki durum mənim üçün yenilik deyil. Orucun bütün qaydalarına əməl edirəm. Səngərdə deyiləm. Günün çox hissəsini maşın sürməkdə və ya tibbi yardım məntəqəsində keçirirəm”.
Gecə namaz qıldıqdan sonra iki saat yatmağa macal tapdığını deyən Səid İsmayılov səngərdə olan müsəlmanların daha çox əziyyət çəkdiyini vurğulayır: “Səngər daha çətindir. Hava soyuq, tez-tez yağış yağır və səngər suya qərq olur. Bu cür şərait daha acınacaqlıdır”.
Ukraynanın şərqində, Donetsk şəhərində böyümüş Səid İsmayılov Rusiyanın paytaxtı Moskvada ilahiyyat təhsili alıb, Donetskdə imam kimi fəaliyyət göstərib. O, rusdilli bölgədə böyüməsinə baxmayaraq Ukrayna dilində danışmağa üstünlük verdiyini deyir.
Bəzi rusiyalı müsəlmanların Kremlin Ukraynada apardığı müharibəyə haqq qazandırmasının ikrah doğurduğunu deyən ruhani Moskvanın etnik azlıqlara aşağı təbəqə kimi yanaşdığını vurğulayır: “Rusiya müharibədə onlardan qurbanlıq kimi istifadə edir. Düşmən tərəfdən ölən əsgərlərin əksəriyyətinin Buryatiya, Tuva, Dağıstan, Tatarıstan, Çeçenistan nümayəndələri olduğunu hamı bilir”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
Mənbə: France24.com