Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov özünün “Facebook” səhifəsində ictimaiyyətə səslənib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır: “Əhalinin böyük hissəsi yoxsulluğu ilə barışıb. Şəxsin nisbi zənginliyi onun nə qədər riskə getməsindən asılı olduğu kimi bütövlükdə toplumun zənginliyi də azadlıqlar naminə nə qədər riskə getmək hazırlığından asılıdır. Bunu minilliklərin məhsulu olan ana dilimiz aydın edir: “fağır” sözü həm riskdən uzaq duran, həm də yoxsul adam mənasını daşıyır.
Hakimiyyət azadlıq və haqlar tələb etmənin fərdi riskini o həddə qaldırıb ki, az adam bunun hətta ən passiv formasına – seçkiyə və mitinqə – baş qoşar. Nəticə göz qabağında: sərbəstlik istəyən insanlar ya kütləvi köç edir, ya da neft-qaz pulları borusundan özünə kiçik kran açıb pul yığır ki, sonra köçsün. Ölkə qalır fağır, yoxsulluğu ilə barışmış adamlara.
Sonra da təəccüblənirik ki, xalqlar arasında bizi seçdirən milli dəyərimiz – dünyəvilik niyə məğlub olmağa başlayır, niyə gündəm hansısa xarici qüvvələrin yoxsul əhaliyə səslənərək sürətlə genişləndirdiyi iddia olunan şəbəkələrdir.
Respublikaçı Alternativ Partiyasına üzv olun. Dürüstlük tələbiniz hakim olacaq, ölkəni özünə qaytaracağıq”.
1970-ci il təvəllüdlü İlqar Məmmədov Moskva Dövlət Universitetində tarix, Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə ali təhsil alıb.
Bir çox beynəlxalq qurumda, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb.
Milli İstiqlal Partiyası sədrinin müavini olub.
2008-ci ildə Respublikaçı Alternativ Hərəkatını yaradaraq ona rəhbərlik edib, 2018-ci ildən eyniadlı partiyanın sədridir. Partiya 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb. Ali Məhkəmənin Plenumu 2020-ci il aprelin 23-də ona bəraət verib.