Azərbaycanın siyasi partiyaları hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməlidir. Aprelin 5-dək 37 partiyanın hesabatı rəsmiləşib. Novator.az bildirir ki, onların 11-i Milli Məclisdə təmsil olunur.
Yeni Azərbaycan Partiyasının 2022-ci il hesabatına görə, qurum 26,7 milyon manat gəlir əldə edib, 15,8 milyon manat xərc çəkib.
Dövlət büdcəsindən 2,4 milyon manat alındığı əks olunur.
Vətəndaş Həmrəyliyi Partiyası hesabatda gəlirlərini 366,3 min manat (dövlət büdcəsindən ayrılıb), xərclərini 316,8 min manat göstərir.
Demokratik İslahatlar Partiyasının hesabatına əsasən, qurum 304,5 min manat gəlir (dövlət büdcəsindən ayrılıb) əldə edib, 314,9 min manat xərc çəkib.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının 304,6 min manat gəliri (bunun 304,5 mini dövlət büdcəsindən ayrılıb), 240,3 min manat xərci olub.
Böyük Quruluş Partiyasının 304,7 min manat gəlir əldə etdiyi, 231,5 min manat xərc çəkdiyi qeyd edilir.
Quruma dövlət büdcəsindən 304,5 min manat ayrılıb.
Ana Vətən Partiyası dövlət büdcəsindən 304,5 min manat alıb, 317,8 min manat xərc çəkib.
Milli Cəbhə Partiyası dövlət büdcəsindən 304,5 min manat götürüb, il ərzində 279,5 min manat xərcləyib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının gəlirləri və xərcləri eyni olub: 304,5 min manat. Vəhdət Partiyasının hesabatında da eyni rəqəmlər yer alır. Hər iki partiya vəsaiti dövlət büdcəsindən əldə edib.
Respublikaçı Alternativ Partiyası gəlirlərini 305,9 min manat, xərclərini 257,7 min manat göstərir.
Quruma dövlət büdcəsindən 304,5 min manat ayrılıb.
Vətəndaş Birliyi Partiyası dövlət büdcəsindən vəsait almayıb, onun başqa gəliri və xərci də olmayıb.
Qaydaya görə, dövlət yardımının 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanır; 50 faizi Milli Məclisin say tərkibinə (125-ə) bölünür, alınan məbləğ siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilən məbləğ əsasında paylanır; 5 faizi Milli Məclisə təkrar və əlavə seçkilər nəticəsində, həmçinin deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır; 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə seçkidə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür; 2,5 faizi həmin siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünür.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 60 siyasi partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.
Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
2023-cü ildə 7 partiya fəaliyyətinə son verdiyini açıqlayıb: Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası.