ABŞ Milli İctimai Radiosunun (National Public Radio) internet səhifəsində “TV-lərdən tutmuş “Telegram”a, “Tik-Tok”a qədər Moldovada rus dezinformasiyası tüğyan edir” başlıqlı yazı yerləşdirilib. Yazının müəllifi radionun əməkdaşı Şennon Bonddur.
Novator.az-ın məlumatına görə, yazıda öncə xatırladılır ki, fevral ayında Moldova prezidenti Mayya Sandu Rusiyanı onun hakimiyyətini devirmək cəhdində günahlandırıb: “Rusiyanın Moldovada çevriliş etmək istədiyini Mayya Sandudan qabaq Ukrayna prezidenti Vladimir Zelenski də deyib. Rusiya dərhal bu iddianı təkzib edib, Ukraynanı Moldovanın separatçı Dnestryanı bölgəsinə saxta bayraq altında hücum planlaşdırmaqda qınayıb, beləliklə, təbliğatı, informasiya məkanındakı müzakirələri öz xeyrinə yönəltmək taktikasını seçib. O biri yandan Moldovadakı Rusiyapərəst qüvvələr çevriliş məsələsini rəsmi Kişinyovun uydurması kimi qiymətləndirir”.
Məqalədə qeyd edilir ki, fevral ayında “Telegram” kanalında və “Twitter” şəbəkəsində bir sıra sənədlər yayılıb: “Həmin sənədlər ukraynalıların Moldovaya (Dnestryanıya) hücuma hazırlaşmasının sübutu kimi təqdim olunub. Lakin mərkəzi qərargahı Böyük Britaniyada yerləşən, dezinformasiyaları araşdırmaqla məşğul olan “Logically” şirkəti Ukraynada imzalanmış hücum əmrləri kimi qələmə verilən sənədlərin saxta olduğunu üzə çıxarıb. Bundan başqa “Logically” şirkəti fevral ayında Rumıniyanın Moldova ilə sərhədə qoşun yığmağa başlamasının sübutu kimi təqdim edilən, “Telegram”da yüz minlərlə baxış sayı toplayan videonun da əslində bir neçə ay əvvəl paradda çəkildiyini müəyyənləşdirib.
Beləliklə, Rusiyanın Ukraynada apardığı müharibə uzandıqca onun Moldovaya təsiri daha dərindən hiss olunur. Vətəndaş cəmiyyətinin nümayəndələri, sosial media tədqiqatçıları hesab edirlər ki, Rusiya həqiqətən Avropa İttifaqı üzvlüyünə can atan bu postsovet ölkəsində – Moldovada sabitliyi pozmağa çalışır”.
“Logically” şirkətinin şöbə müdiri Kayl Uolter ABŞ Milli İctimai Radiosuna açıqlamasında son vaxtlar Moldova ilə bağlı yayılan dezinformasiyaların ciddi narahatlıq doğurduğunu vurğulayıb: “Ukrayna hökuməti Moldovada çevrilişə hazırlıq görüldüyü barədə kəşfiyyat məlumatını açıqlayandan sonra Rusiya Moldova istiqamətində dezinformasiya kampaniyasını genişləndirib.
Rusiya əvvəllər də öz təsir dairəsində olan siyasətçilər, tanınmış şəxslər, sosial media fəalları vasitəsilə, necə deyərlər, ciddi analitik televiziya verilişlərindən tutmuş “TikTok”a qədər hər yerdə Moldova haqqında uydurma yaymaqla məşğul olub. 2022-ci ilin fevralında Ukraynada növbəti işğalçı müharibəyə start verəndən, Sandu hökuməti bu məsələdə Avropayönlü mövqe sərgiləyəndən sonra isə Moskva informasiya məkanını Moldova haqda saysız-hesabsız saxta məlumatla doldurmağa başlayıb”.
Kişinyovdakı “WatchDog.MD” analitik mərkəzinin rəhbəri Valeriu Paşa ABŞ Milli İctimai Radiosuna deyib ki, Kremlin təbliğat maşını Moldova hökumətini Qərbin oyuncağı kimi qələmə verir: “İctimai rəyə belə bir fikir təlqin olunur ki, Qərbin bu oyuncağı Moldovanı bir dövlət kimi məhv etmək, ölkədə milli adətlərin, xristian ənənələrinin axırına çıxmaq tapşırığını yerinə yetirir. Moskvanın iddiasına görə, Moldovanı idarə edən Qərbyönlü liderlərin bir missiyası da var: ölkəni Rusiya ilə müharibəyə sürükləmək. Təbliğatı aparanlar bu iddianı belə bir arqumentlə əsaslandırmağa çalışırlar ki, Qərb Rusiyanı məhv etmək niyyətindədir və bu işdə Moldovadan da yararlanmağa səy göstərir. Bəli, biz yenə bütün dünyanın yalnız bir məqsədə – Rusiyanı məhv etmək planına qulluq göstərdiyi uydurması ilə üz-üzəyik”.
Jurnalist Şennon Bond yazır ki, Moldovada Rusiyanın uydurmalarına inananlar heç də az deyil və “WatchDog MD” mərkəzinin bu yaxınlarda keçirdiyi ictimai rəy sorğusu bunu təsdiqləyib.
Şennon Bond xatırladır ki, çevriliş hazırlığına dair ittihamlar səslənməzdən bir neçə gün əvvəl – fevralın 10-da Moldovanın baş naziri Natalya Qavrilitsa istefa verib. O, istefasını Rusiyanın Ukraynaya təcavüzü üzündən Moldovada yaranmış sosial böhranla əlaqələndirib. Jurnalist öz məqaləsində vurğulayır ki, Kremlin təbliğat maşını bu böhranın da günahını Qərbin, NATO-nun, Ukraynanın boynuna atır.
Valeriu Paşanın sözlərinə görə, Kremlin məqsədi onsuz da siyasi cəhətdən qütbləşmiş – Rusiyayönlülərə və Qərbyönlülərlə bölünmüş Moldovada gərginliyi artırmaq və bu yolla ölkəni Moskvanın orbitində saxlamaqdır: “Gərginliyi artırmaq Rusiyanın çoxdankı şakəridir. Kreml buna həmişə öz uğuru kimi baxır. Onun əsas niyyəti insanları baş verənlərlə bağlı Rusiyanın versiyasına inandırmaqdan da çox cəmiyyətdə çaşqınlıq yaratmaqdır.
Moldovada ictimai birliyi sarsıtmaq, xalqı parçalamaq Moskvaya hava və su kimi lazımdır. Əks təqdirdə Moldova rahatca səfərbər ola, Qərbə inteqrasiya istiqamətində sürətlə qərarlar qəbul edə bilər”.
Mənbə: Npr.org