UEFA-nın klub turnirlərində 2022-2023 mövsümü 1/4 final raundlarına yetişib. Novator.az bildirir ki, mübarizəni 10 ölkənin 24 komandası davam etdirir: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 8 komanda yer alır. İtaliya turnirlərdə 6, İngiltərə 4, Belçika 3, İspaniya, Almaniya, Niderland və Portuqaliya 2, Fransa, İsveçrə və Polşa 1 komanda ilə təmsil olunur.
Çempionlar Liqasındakı komandaların 6-sı titul sahibidir. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 14, “Milan” 7, “Bavariya” 6, “İnter” (İtaliya) 3, “Benfika” və “Çelsi” 2 zəfər qazanıb.
Avropa Liqasındakı 5 komandanın turnirdə qələbəsi var. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış turnirdə “Sevilya” 6, “Yuventus” 3, “Feyenoord” 2, “Bayer” və “Mançester Yunayted” 1 uğur əldə edib.
2021-ci ildən keçirilən Konfrans Liqasının yeganə qalibi “Roma” Avropa Liqasında yarışır.
Mövsümdə Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olmuş komandaların 2-si mübarizədə qalır. Çempionlar Liqasında start götürən “Qarabağ” Polşanın “Lex”, İsveçrənin “Sürix”, Macarıstanın “Ferensvaroş” komandalarını ələyib, Çexiyanın “Viktoriya” komandasına yenilərək Avropa Liqasına adlayıb.
Hazırda “Lex” Konfrans Liqasının 1/4 finalındadır.
Avropa Liqasının G qrupunda “Qarabağ” Almaniyanın “Frayburq”, Fransanın “Nant”, Yunanıstanın “Olimpiakos” komandalarına rəqib olub, üçüncü yeri tutaraq Konfrans Liqasına köçüb.
Konfrans Liqasının 1/16 finalında “Qarabağ” Belçikanın “Gent” komandasını keçə bilməyib.
“Gent” 1/4 finaldadır.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu yerdədir. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Qrup mərhələsi və sonrakı raundlar üçün 1-5 arası bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
2022-2023 mövsümündə Azərbaycan 4,000 əmsal əldə edib.