Hüquq müdafiəçisi Rüfət Səfərov yeni məlumat yayıb.
Rüfət Səfərov martın 15-i axşam saat 8 radələrində hücuma məruz qalıb. Hadisə Bakıda, Binəqədi rayonunun Cəfər Xəndan küçəsində baş verib. Avtomobil dayanacağında Rüfət Səfərova yaxınlaşan şəxs onu müharibə veteranlarının yerində maşın saxlamaqda günahlandırıb, kobud ifadələr işlədib və vurub.
Rüfət Səfərov bildirir ki, avtomobilini çoxdan eyni yerdə saxlayır, heç kimin yerinə girməyib.
Hadisədən dərhal sonra Rüfət Səfərov polisə şikayət edib.
Martın 16-da hücumda şübhəli bilinən 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfovun tutulduğu açıqlanıb.
Novator.az-ın məlumatına görə, Rüfət Səfərov özünün “Facebook” səhifəsində yazır ki, martın 16-sı səhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə dəvət olunub: “Rəis heyətinin qarşısında Məmmədxan Nəcəfova suallarımı verdim, üzr istəməsini tələb etdim, onu bağışladığımı söylədim. Qanunvericiliyə uyğun təhqiqat aparılıb qərar veriləcəyinə ümidimi ifadə etdim, rəsmi səlahiyyətlərə, vəzifə və hüquqlara müdaxilə imkanımın olmadığını söylədim”.
Hüquq müdafiəçisi əlavə edib ki, 5-ci polis bölməsinin rəisinin və əməkdaşlarının operativ işləməsini, səhər saat 4 radələrində yaxınlıdakı mağazanı açdırıb müşahidə kamerasının yaddaşına baxış keçirməsini və bir qədər sonra hücum edən şəxsin tutulmasını nəzərə alıb polisin tam araşdırmada maraqlı olduğunu düşünür: “Təəssüratım budur ki, təsadüfi hadisədir, siyasi yük yoxdur. Ümumən isə hakimiyyətlə, xüsusilə onun hüquq sistemi ilə ciddi problemlərimiz var. Bəlli problemlər həllinə qovuşanadək, cəmiyyət və dövlət həyatında hüquq qaydası bərqərar olanadək fəaliyyət və mübarizəmizin arxasındayıq”.
Rüfət Səfərov hüquqşünasdır. 2015-ci ilin dekabr ayında o, baş prokurora ərizə yazaraq ölkədə kütləvi ədalətsizliyin baş alıb getdiyini vurğulayıb və Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.
Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb. 2016-cı il sentyabrın 8-də Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq müstəntiq rüşvət almaqda təqsirli bilinib.
2019-cu il martın 17-də Rüfət Səfərov əfv sərəncamı əsasında azadlığa buraxılıb.