“Şuşa” qəzetinin təsisçisi dəyişib. Novator.az bildirir ki, əvvəllər Şuşa Rayon İcra Hakimiyyətinin orqanı olmuş qəzet indi yaradıcı heyətin təsisçiliyi ilə işıq üzü görür.
2022-ci il fevralın 8-də qüvvəyə minən “Media haqqında” qanun dövlət orqanlarının (qurumlarının) çap mediası subyektinin təsisçisi olmasına məhdudiyyət qoyur. Yalnız Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və siyahısını ölkə prezidentinin müəyyən etdiyi orqanlar (qurumlar) çap mediası subyektinin təsisçisi ola bilər. 2022-ci il sentyabrın 17-də fərman imzalayan prezident İlham Əliyev çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısını təsdiqləyib: Prezidentin İşlər İdarəsi; Elm və Təhsil Nazirliyi; Ədliyyə Nazirliyi; Müdafiə Nazirliyi; Daxili İşlər Nazirliyi; Mədəniyyət Nazirliyi; Dövlət Sərhəd Xidməti; Dövlət Neft Şirkəti; Azərbaycan Milli Elmlər Akademiyası; Dövlət İmtahan Mərkəzi.
Başqa dövlət orqanlarının təsis etdiyi nəşrlər fəaliyyətini davam etdirmək istəsələr, yenidən təsis olunmalıdırlar.
1932-ci ildə qurulan “Şuşa” qəzeti 1992-ci ildən Bakıda nəşr olunur, hazırda ayda iki dəfə çıxır.
2005-ci ildən “Şuşa” qəzetinə Vasif Quliyev redaktorluq edir. 1954-cü il təvəllüdlü Vasif Quliyev yazıçı-publisist, tərcüməçi, naşir, “Şuşa” nəşriyyatının direktoru, “Günəş” jurnalının baş redaktorudur.