Dövlət Statistika Komitəsi bildirir ki, 2023-cü ilə Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edib. Hesabata görə, ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi qadınlardır.
Həkimlərin üçdə ikisinin qadınlar, ümumi təhsil müəssisələrində oxuyanların 46,6 faizinin, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizinin, ali təhsil müəssisələri tələbələrinin yarısının qızlar olduğu vurğulanır.
Qeyd olunur ki, elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin 7-si, müxbir üzvlərinin 9-u qadındır.
Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,3 faiz göstərilir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, fərdi sahibkarlar arasında 22 faizdir.
Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 18,6 faizə bərabərdir.
Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.