Dünya Bankı 190 ölkədə qadınların iqtisadi imkanları, bu sahədə gender bərabərliyinə nə dərəcədə əməl olunması, qanunların qadınlara hansı həddə hüquqlar verməsinə dair illik hesabatını açıqlayıb.
2023-cü il martın 2-də açıqlanan “Qadın, biznes, qanunlar” adlı hesabat 2022-ci ildəki vəziyyəti əks etdirir.
Novator.az xəbər verir ki, təhlillər əsasında Dünya Bankı 100 ballıq sistemlə ölkələrin reytinqini də tərtib edib.
Reytinq cədvəlinin başında 14 ölkə durur: Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Yunanıstan, Latviya, Lüksemburq, Portuqaliya, İsveç, Niderland, İslandiya, İrlandiya, Kanada.
Dünya Bankının rəyinə görə, hər biri 100 bal toplamış bu ölkələrdə qadınlarla kişilərə bərabər iqtisadi imkanlar yaradılıb, gender bərabərliyinə əməl olunub, qanunvericilikdə qadınlara kişilərlə eyni hüquqlar verib.
Azərbaycanın 78,8 bal qazandığı reytinq cədvəlində postsovet məkanından ən yüksək balı Gürcüstan toplayıb: 88,1. Rusiya 73,1 bal alıb.
İran 31,3 balla hətta Əfqanıstandan da aşağı yer tutub. Əfqanıstanın balı 31,9-dur.
Cədvəldə ən aşağı yerlərdə Sudan, Qətər (hər biri 29,4 bal), Yəmən (26,9 bal) gəlir.
Hesabatda vurğulanır ki, 2022-ci ildə qadınların qanun qarşısında kişilərlə bərabər hüquqda olmasını təmin etməyə yönəlmiş qlobal islahatların tempi əvvəlki 20 illik dövrlə müqayisədə minimum səviyyəyə enib: “Cəmi 18 ölkədə 34 islahat həyata keçirilib ki, bu da 2021-ci ildən bəri ən zəif göstəricidir. Halbuki gender bərabərliyinə nail olunması üçün hüquqi cəhətdən 1549 islahata ehtiyac var”.
Reytinq cədvəlində 190 ölkəyə verilmiş balları üst-üstə gələndə belə bir mənzərə alınır: dünyanın bütün qadınları kişilərin yararlandığı hüquqların yalnız 77 faizindən istifadə edə bilir.
Dünya Bankının hesablamasına görə, yer üzündə kişilərlə eyni səviyyədə hüquqlara malik olmayan əmək qabiliyyətli qadınların sayı 2,4 milyard nəfərdir.
Mənbə: Openknowledge.worldbank.org