Elladanı ingilis dili kursundan tanımışam. Haradasa on il öncə. Jurnalistlər üçün təşkil edilən o kursa getmək üçün özümlə xeyli çarpışası olmuşdum, vaxt az, iş həmişəki kimi çox idi. Heç əməlli-başlı məşğul ola da bilmirdim, tapşırığın birini edirdim, birini yox.
Ellada Mustafayeva qrupun ən şən, hazırcavab üzvlərindən idi. Hey gülürdü, danışırdı. Yaş fərqimiz çox olsa da, mənimlə ünsiyyətində də belə idi. Şirin-şirin “İsmayıl müəllim” deməyi vardı. Daha çox o gülüş dolu siması, incə zarafatları ilə yadımda qalıb. Adətən Nəzrin adlı bir qızla yan-yana əyləşərdi.
Kursu bitirdikdən sonra bir müddət yollarımız ayrıldı, hərə öz işinə döndü. Onu tez-tez texnoloji tədbirlərdə görürdüm, hər görüşdə irəliləyişini duyurdum. Jurnalist kimi püxtələşmişdi, artıq Bakı Dövlət Universitetində gənc jurnalistlərə dərs deyirdi. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin ustası olmuşdu, istənilən səlahiyyətli şəxsdən asanlıqla müsahibə ala bilirdi.
Amma sonradan ailəsində baş verən faciə onu xeyli dəyişdi, yaxın adamını itirmişdi. Əvvəlki kimi deyib-gülmürdü. Gözlərinə qüssə qonmuşdu. Elladanı qəmli-qüssəli görmək mənə ağır gəlirdi.
Onun ölüm xəbəri isə məni ildırım kimi vurdu. İnanmaq, qəbul etmək olmur. Bu yaxınlarda ailə həyatı qurmuşdu, yaxşı, uzun bir ömür sürməli idi…
Jurnalistin işi çox ağırdır. Hətta öz aramızda zarafatla “jurnalist ya içməkdən ölər, ya da ürək tutmasından” deyirik. Hər gün neçə-neçə neqativ xəbərin içində olmaq ən möhkəm insanı belə çökdürə bilər.
Neçə vaxtdır dünyasını dəyişən azərbaycanlı jurnalistlər haqda qarşıma çıxan məlumatları bir qovluqda toplayıram. Baxırsan, cəmi 35-40 yaşlarında nə qədər jurnalist vəfat edib. 50-yə güclə çatırıq.
Elladanın xəstə olduğunu bilmirdik heç. Kimi dindirsən deyir xəbərim olmayıb. Bu barədə danışmırmış. Cəmi 34 il yaşadı. İndi hansı sayta baxıram, qarşıma onun şəkli çıxır, sosial şəbəkəni açıram, hamı onun şəkillərini paylaşır. Elə bil heç ölməyib, diridir. Ötən il ad gününü təbrik edənlərin “100 il yaşa”, “uzun ömür arzu edirik, can sağlığı diləyirik” ifadələri bir qəribə əhval yaradır insanda. Paylaşım edən müəllimləri də, tələbələri də, jurnalist həmkarları da bir çaşqınlıq içindədir. Gənc insanın ölümü adətən ədalətsizlik kimi görünür. Valideynin övladını, müəllimin tələbəsini son mənzilə yola salması ağırdır. Min illərdir belə hadisələr baş versə də, buna alışmaq olmur.
Allah rəhmət eləsin! Məkanı behişt olsun!
İsmayıl Rafiqoğlu