İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Samir Əliyev yanvarın 6-da açıqlama yayaraq 2022-ci il dekabrın 28-də vəfat etmiş atasının ölümünü təsdiqləyən həkim arayışını almaqda çətinlik çəkdiyini, süründürməçiliyə tuş gəldiyini, yaşadığı Xırdalan şəhərindəki Ailə Sağlamlıq Mərkəzi, Abşeron Rayon Məhkəməsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi arasında qaldığını bildirmişdi (Ölüm kağızının dolanbac yolları).
Novator.az-ın məlumatına görə, Samir Əliyev yeni açıqlamasında qeyd edir ki, dəfn müavinətini atası torpağa tapşırılandan 50 gün sonra almaq mümkün olub: “Sosial şəbəkənin və medianın diqqəti olmasaydı, müddət daha çox çəkərdi… Yaxınını itirmiş vətəndaş 5 qapını döyməlidir: poliklinika, “ASAN xidmət”, bələdiyyə/mənzil-istismar sahəsi, DOST mərkəzi, bank/poçt şöbəsi. Vəziyyətdən asılı olaraq hər birinin öz çətinliyi var.
Poliklinika. İşinizin normal getməsi əsasən bu mərhələdən ibarətdir. Öncə dünyasını dəyişən şəxsin qeydiyyatda olduğu poliklinikada sahə (ailə) həkiminə baş çəkib ölüm barədə arayış almaq tələb olunur. Bunun üçün təcili tibbi yardım xidmətinin təqdim etdiyi arayış, dünyasını dəyişənin xəstəlik tarixçəsi və şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Dünyasını dəyişmiş şəxs nə vaxtsa sahə (ailə) həkiminə müraciət edibsə, bu halda ölüm kağızı almaq çətinlik yaratmayacaq. Əks halda həkim arayış verməkdən imtina edərək sizi məhkəməyə göndərəcək. Məhkəmədə isə həm vaxtınız gedəcək, həm də xərciniz çıxacaq. Bunun üçün əvvəlcə poliklinikadan, sonra yerli pasport qeydiyyatı şöbəsindən imtina arayışı almalısınız. Sonda vəkil xidmətindən istifadəyə görə 200 manat (dövlət rüsumu və əlavə xərclər) ödəməli olacaqsınız.
“ASAN xidmət”ə müraciət üçün poliklinikadan aldığınız arayış, rəhmətə gedənin şəxsiyyət vəsiqəsi, dəfn pulu alacaq şəxsin şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə tələb olunur. Bu mərhələ üç-dörd gün zaman tələb edir. Doğum haqqında şəhadətnamə tapılmasa, arxivdə axtarmağa əlavə zaman gedəcək.
Bələdiyyə/mənzil-istismar sahəsi. Bu strukturlara DOST mərkəzinə təqdim etmək üçün arayışa görə müraciət edilir. Məqsəd dəfn xərcini kimin çəkdiyini təsdiq etməkdir. Əgər bələdiyyəyə və ya mənzil-istismar sahəsinə vergi və ya kommunal xidmətə görə borcunuz yoxdursa, rəhbərlik işdədirsə, bu halda arayışı qısa zamanda əldə etmək mümkündür.
DOST mərkəzi. Ölüm haqqında şəhadətnamə, dəfn xərcinin çəkilməsini təsdiq edən arayış və pulu alacaq şəxsin şəxsiyyət vəsiqəsi bu quruma təqdim edilir. Dəfn pulu 15 iş günü müddətində verilir. Əlavə yoxlamalar tələb olunarsa, daha 30 gün uzadıla bilər.
“Kapital Bank”ın yerli şöbəsinə və ya yerli poçt şöbəsinə gedib dəfn pulunu ala bilirsiniz…
Azərbaycanda dəfn üçün birdəfəlik müavinət 500 manatdır. Əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.