Türkiyədə 6 fevral zəlzələlərinin ağır nəticələrə gətirməsinin əsas səbəblərindən biri kimi xeyli tikilinin seysmik standartlara cavab verməməsi göstərilir. Novator.az-ın məlumatına görə, bu məsələyə diqqət çəkən iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanda inşaata nəzarəti gücləndirməyə, beynəlxalq ekspertləri cəlb etməklə çoxmərtəbəli binaların zəlzələyə davamlılığını yenidən qiymətləndirməyə çağırıb.
İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli yeni yoxlamaların effektsiz olacağını düşünür: “Azərbaycan qanunları binaların yoxlandıqdan sonra təhvil verilməsini nəzərdə tutur. Vaxtında bu yoxlamalar normal keçirilibsə, hər şey qaydasında olmalıdır. Azərbaycan reallığını nəzərə alsaq, əlavə yoxlamalar qərarı verilsə, yenə rüşvət mexanizmi işə düşəcək.
Təkcə elə Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var – illərdir vətəndaşlar o binalarda yaşayır, dövlətdən kommunal xidmətlər alıb dəyərini ödəyir. Yəni dövlət o insanların yaşadığı yerə xidmət göstərib pul almaqla mülkiyyət hüququnu dolayısı ilə tanıyıb, amma bina təhvil verilməyib deyə sakinlər mülk kağızı ala bilmirlər. Yaxşı, bina yaşamaq üçün yararsız olduğu üçün akt verilmirsə, insanlar niyə orada yaşayır, yaşamaq üçün yararlıdırsa, nədən onlara təhvil-təslim aktı verilmir?”
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da jurnalistlərə 2019-cu ildən bəri Bakıda tikintilərin ərazinin seysmoloji xəritəsi nəzərə alınmadan aparıldığını demişdi, AXCP sədri Əli Kərimli bu açıqlamanın hiddət doğurduğunu yazmışdı: “Bakı da, Azərbaycanın xeyli başqa bölgəsi də həssas seysmik zonada yerləşir. Bu halda Bakıdakı inşaat işlərindən Respublika Seysmoloji Xidmət Mərkəzinin uzaqlaşdırılmasını necə başa düşmək olar? Ölkədə tikintilərin əksəriyyətinin seysmoloji standartlar nəzərə almadan aparıldığını güman edirdim, ancaq Respublika Seysmoloji Xidmət Mərkəzinin tikinti işlərindən uzaqlaşdırılması ağlıma gəlməzdi. Hökumətin bu hərəkəti insanlarımızın həyatına qarşı çox ciddi məsuliyyətsizlikdir və dərhal aradan qaldırılmalıdır.
Nə vaxta qədər xalq olaraq yalnız Allah ümidinə yaşamalıyıq? Bakıdakı sürüşmə zonasında tikilmiş çoxmərtəbəli binaların da, yeraltı suların qalxdığı ərazilərdəki tikililərin də riskə davamlılığı ciddi şəkildə, mütəmadi yoxlanmalıdır. Zəlzələ riskinə hazır sayılmayan bütün binalar xüsusi dövlət proqramı ilə sökülməli və həmin binaların sakinləri üçün zəlzələyə davamlı yeni binalar tikilməlidir. Ətrafımızda baş verən hər bir faciənin həm də bizim üçün xəbərdarlıq olduğunu unutmayaq!”
Türkiyənin Qəhrəmanmaraş elinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa ellərini də silkələyib, böyük dağıntılar yaranıb. Son rəsmi məlumata görə, zəlzələ dalğasında 29605 nəfər həlak olub.