Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalayıb. Yenilik minimum pensiyanın fevralın 1-dən 240 manatdan 280 manata yüksəlməsini nəzərdə tutur.
İlkin statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə 1 milyon 115 min nəfərə yaxın pensiyaçı qeydiyyata alınıb.
Ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (40320 manat) tələb olunur.
2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır.
Əks halda pensiya yaşı çatan şəxsə yaşa görə müavinət verilir. Yaşa görə müavinətin məbləği 220 manatdır.