Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə istehlak qiymətləri 2021-ci ilə nisbətən 13,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, ödənişli xidmətlər 10,4 faiz bahalaşıb.
Bakı Araşdırmalar İnstitutu rəsmi statistikaya əsaslanaraq 2022-ci ildə ən çox bahalaşan bir çox ərzaq məhsulunun siyahısını yayıb. Qeyd olunur ki, 2022-ci ilin dekabr ayında çovdar çörəyi 2021-ci ilin eyni ayına nəzərən 51,1 faiz, əla növ buğda çörəyi 47,4 faiz, kartof 44,6 faiz, badımcan 39,9 faiz, qarğıdalı yağı 37,4 faiz, qarışıq undan çörək 36 faiz, günəbaxan yağı 32,4 faiz, baş soğan 26,9 faiz, peçenye 26,7 faiz, mayonez 26,3 faiz, buğda unu 25,6 faiz, sosiska/sardelka 25,3 faiz dəyər artırıb.