Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov yanvarın 30-u Bakıda, İkinci Şəhidlər xiyabanında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, vida mərasiminə dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri qatılıblar.
Yanvarın 27-də səhər “Kalaşnikov” markalı avtomat və çoxlu sayda güllə darağı ilə silahlanmış şəxs Tehranda Azərbaycan səfirliyinə basqın edib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb. Mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq onu tərksilah edib.
Baş leytenant Orxan Əsgərovun cənazəsi, səfirliyin əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da Bakıya gətirilib.
Tehranda Azərbaycan dövlətinə silahlı basqın
Prezident Tehran terroruna münasibət bildirdi