İranda 30 siyasi dustaq qadın birgə bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, bəyanatda son ayların etiraz hərəkatı iştirakçılarının edam prosesinin dayandırılması tələb olunur.
Söhbət 2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsinin səbəb olduğu kütləvi etiraz aksiyalarının iştirakçılarından gedir. Aksiyalara görə tutulanların azı 4 nəfəri edam edilib.
Birgə bəyanata imza atan iranlı dustaq qadınlar bildirirlər: “Biz – Evin zindanının qadın şöbəsində cəza çəkən, siyasi və ideoloji motivlərlə həbs edilmiş qadınlar etirazçıların edam olunmasına son qoyulmasını tələb edir, bütün ədalətsiz məhkəmə hökmlərinin ləğvinə çağırırıq. Dini mənsubiyyətimiz və siyasi baxışlarımız arasındakı fərqlərə baxmayaraq biz dustaq qadınlar insanların yaşamaq hüququnun müdafiəsi məsələsində yekdil olduğumuzu diqqətə çatdırır və edamlara yox deyirik”.
Bəyanatı imzalayanlar arasında keçmiş prezident Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, BMT-nin İranda ətraf mühit proqramı üzrə nümayəndəsi olmuş Nilufər Bəyani, tanınmış alim Fəriba Adelxah da var. Hər üç qadın milli təhlükəsizliyə təhdid törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Faizə Haşimi 2023-cü ilin yanvarında 5 il, Nilufər Bəyani 2020-ci ildə 10 il, Fəriba Adelxah 2019-cu ildə 5 il müddətinə azadlıqdan məhrum olunub.
Sentyabrın 18-dən İranda etiraz aksiyaları keçirilir. Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır. Aksiyaları yatırtmaq cəhdlərinin yüzlərlə adamın ölümü, minlərlə insanın həbsi ilə nəticələndiyi bildirilir.
Mənbə: Lemonde.fr