Siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Məlumatı yanvarın 16-da Rəhim Yaqublunun bacısı Nigar Həzi yayıb.
Prezidentin 10 fevral 2022-ci il sərəncamı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş hərbi qulluqçuların və başqa şəxslərin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltifini nəzərdə tutub. Təltif səlahiyyəti baş nazirə verilib.
Novator.az bildirir ki, Rəhim Yaqublu ABŞ-da yaşadığı üçün baş nazir Əli Əsədovun imzaladığı vəsiqəni, eləcə də medalı yanvarın 16-da onun bacısı Nigar Həzi təhvil alıb.
Rəhim Yaqublu 2020-2021-ci illərdə Azərbaycan Ordusunda xidmət edib, 2020-ci ilin Vətən müharibəsində Ağdərə istiqamətində döyüşüb.
Tofiq Yaqublu Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasındadır, aclığı davam etdirir.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, buna görə səhhəti pisləşib, yanvarın 11-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Siyasətçinin həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən evdə (Bakının Qaraçuxur qəsəbəsi) aclıq edir. Bir çox müxalif fəal isə Müsavat Partiyasının paytaxtdakı mərkəzi qərargahında Tofiq Yaqubluya aclıqla dəstək verir.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib
Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb
Tofiq Yaqubluya dəstək aksiyası böyüyür
Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?
Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azadlıq Tofiq Yaqublunun haqqıdır”