Prezident İlham Əliyev ölkənin bir qrup telejurnalistinə 10 yanvar müsahibəsində işğaldan azad olunmuş bölgələrdəki idarəetmə mexanizminin tədricən bütün ölkə üzrə tətbiq olunacağını deyib: “Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik”.
Dövlət başçısının 19 yanvar 2021-ci il fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri yaradılıb. Hazırda Şuşa rayonu; Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş əraziləri; Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndələr var.
2022-ci il dekabrın 22-də isə Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəliyi təsis edilib, nümayəndə təyin olunub.
Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Rövşən Ağayev yazır ki, prezidentin 10 yanvar müsahibəsində verdiyi mesaj bütün iqtisadi rayonlar üzrə xüsusi nümayəndəliklərin yaradılacağına işarədir: “Təyin edilmiş şəxsin rayon və ya region səviyyəsində idarəetməyə cavabdehlik daşıması yeni idarəetmə modeli deyil, mərkəzləşdirmənin daha kiçik ölçülü inzibati ərazi vahidlərindən daha böyük coğrafi sərhədlərə keçirilməsidir. İdarəetmənin fəlsəfəsini, nəticələrini, bölgə inkişafına təsirini dəyişmək üçün real istək varsa, bu, ultramərkəzləşdirilmiş idarəetmənin formasını dəyişməklə davam etdirilməsi yox, əks-mərkəzləşdirilmiş sistemə keçidi tələb edir.
Əks-mərkəzləşdirmə yerli sistemin kökündən demontajı, vətəndaşın səsi ilə formalaşan, taleyi bu səsdən asılı olan, bu səs qarşısında hər dəqiqə hesabatlı olmağa məcburiyyət hiss edən, uğursuz olduqda bu səslə kreslosundan atılan fərqli bir sistem deməkdir.
Əks-mərkəzləşdirmə sovetlərdən qalan, adı dəyişmiş, amma mahiyyətcə “birinci katiblər” heyətindən ibarət icra hakimiyyəti başçısı sisteminə vida etmək demək deməkdir.
Əks-mərkəzləşmə o deməkdir ki, ölkənin birinci şəxsi bələdiyyə sədrlərinin səlahiyyətini onların özünə qaytarır, yol, su çəkmək kimi vacib qərarları icma ilə birgə bələdiyyələr – seçkili qurumlar qəbul edir, kəndlərdə insanlar illərlə bir kəndin sərhədləri ilə məhdudlaşan sosial problemlərin həlli üçün mərkəzin lütfünü gözləmir.
Avropa Şurasının “subsidiarlığın praktikada tətbiqi” adlı yanaşması var. Mahiyyəti odur ki, yerli problemlərin həlli üçün səlahiyyətlər və resurslar insanlara ən yaxın olan və onların iradəsi ilə seçilən qurumlara verilməlidir. Ən yaxşı nəzarətçi səsi eşidilən vətəndaşdır – yerlərdə xərclənən büdcə pullarına nəzarəti onlara həvalə edin, görün korrupsioner məmurlara nə divan tuturlar. Bunun ən yaxşı nümunəsi beynəlxalq təşkilatların vəsaiti hesabına icma dəstəkli layihələrin icrasıdır. Dəfələrlə şahidi olmuşam ki, icma adına ayrılan və nəzarəti özünə həvalə olunan pulların taleyi ilə hamı maraqlanırdı, bir manatı belə oğurlamaq üçün imkan yaratmırdılar”.
Azərbaycanın inzibati ərazi bölgüsündə rayonlar, şəhər rayonları, şəhərlər, qəsəbələr, kəndlər, şəhər inzibati dairələri, qəsəbə inzibati dairələri, kənd inzibati dairələri, sahə inzibati dairələri, bələdiyyələr yer alır.
Ölkədə 14 iqtisadi rayon var: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan.