Prezidentin 5 yanvar sərəncamı ilə yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manatdan 345 manata yüksəlib, Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 240 manatdan 280 manata qaldırılması; sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması üzrə təkliflər təqdim etmək, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini artırmaq tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, prezidentin yanvarın 13-də imzaladığı yeni sənədlərlə bir çox artım qüvvəyə minib.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatda çalışanların aylıq vəzifə maaşları yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Həmin təşkilatlar bunlardır: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı; Heydər Əliyev Mərkəzi; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Azərbaycanda Atatürk Mərkəzi; dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi; Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı; Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi; Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi; Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu; Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”; Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı; Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi; Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu; icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.
Yanvarın 1-dən müavinət və təqaüdlərin yeni məbləğləri belə müəyyən olunur:
şəhid ailəsi üçün prezidentin aylıq təqaüdü – 600 manat;
müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə prezidentin aylıq təqaüdü – orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat; 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat;
uşağın anadan olmasına görə birdəfəlik müavinət – 500 manat;
dəfn üçün birdəfəlik müavinət – 500 manat;
radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət – 300 manat;
əlilliyi olan şəxslərə müavinət – orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manat;
ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə prezidentin aylıq təqaüdü – 300 manat;
ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) prezidentin aylıq təqaüdü – 200 manat;
1941-1945-ci illərin Böyük Vətən müharibəsi iştirakçılarına prezidentin aylıq təqaüdü – 330 manat;
yaşa görə müavinət – 220 manat;
ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) – 120 manat;
bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət – 100 manat;
beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət – 105 manat;
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə prezidentin aylıq təqaüdü – 100 manat;
əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara prezidentin aylıq təqaüdü – elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat;
fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd – “Xalq” fəxri adına görə 200 manat, “Əməkdar” fəxri adına görə 150 manat;
prezidentin fərdi təqaüdü – 1500 manat.
Yanvarın 1-dən ali məktəb tələbələri üçün prezident təqaüdünün məbləği 275 manata çatdırılır. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri belə rəsmiləşir:
doktorantura pilləsi üzrə – elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 400 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 240 manat;
ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün – 195 manat, 71-100 bal olan tələbələr üçün – 160 manat, 51-100 bal olan tələbələr üçün – 110 manat; bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün – 175 manat, 71-100 bal olan tələbələr üçün – 145 manat, 51-100 bal olan tələbələr üçün – 100 manat;
orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün – 100 manat, 71-100 bal olan tələbələr üçün – 80 manat, 51-100 bal olan tələbələr üçün – 66 manat;
peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr üçün – 100 manat, “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr üçün – 80 manat, “3”-“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr üçün – 66 manat.