Yanvarın 9-u Bakıda 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. AZƏRTAC-ın məlumatına görə, mərasimə qatılan dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxışında deyib ki, 2022-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb, onların 300-ə yaxını qızıl medaldır: “Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil”.
Prezident gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulayıb: “Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.
Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilib, mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur”.
İdmanın kütləviliyi məsələsinə toxunan İlham Əliyev deyib ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır: “Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Gənclər və İdman Nazirliyi, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin”.