Prezident İlham Əliyevin 5 yanvar sərəncamı minimum aylıq əməkhaqqının 300 manatdan 345 manata yüksəlməsini də nəzərdə tutur. Yenilik yanvarın 1-dən tətbiq olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da sərəncama uyğunlaşdırılacaq, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.
Novator.az-ın məlumatına görə, rəsmi açıqlamanı şərh edən iqtisadçı Rövşən Ağayev yazır ki, idarəçilikdə şəffaflıq olmadığı üçün qərarların nəticələri ilə bağlı iddialar da böyük sual doğurur: “Məsələn, qeyd edilir ki, minimum əməkhaqqında və vahid tarif cədvəli üzrə işləyənlərin maaşlarında artım 700 min nəfəri əhatə edəcək. Əsas suallardan biri vahid tarif cədvəli üzrə işləyən nə qədər büdcə işçisinin baza maaşı kimi minimum əməkhaqqının çıxış etməsidir. Büdcədən maliyyələşən təşkilatlarda və müxtəlif publik hüquqi şəxslərdə nə qədər insanın çalışdığı ümumiyyətlə açıqlanmır. Onların böyük əksəriyyətinin minimum tarif, vəzifə və ya qulluq maaşı ilə rəsmi minimum əməkhaqqı arasında əlaqə çoxdan kəsilib. Məsələn, ən böyük işçi kontingentinə sahib təhsil sistemində 2016-cı ildən, orta məktəb müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi sistemi işə düşəndən bu əlaqə yoxdur. Hazırda ən az stajlı orta məktəb müəlliminin minimum məvacibi rəsmi minimum maaşdan yüksəkdir.
Məmur, hüquq mühafizə sistemlərində, hərbi sistemdə də vəzifə, qulluq və xidmət maaşları üçün baza maaşı rəsmi minimum əməkhaqqı deyil.
Son 3 ildə səhiyyə sistemində də məvacib sistemi vahid tarif cədvəlindən fərqli sistemlə tənzimlənməyə başlanıb.
Bəs maaşı vahid tarif cədvəli əsasında ödənən sahələr hansılardır? Yalnız mədəniyyət-incəsənət sahəsində və bəzi elmi-tədqiqat qurumlarında çalışan bir ovuc büdcə işçilərimi?
Məmurun, polisin maaşını, hətta büdcə işçilərinin sayını belə gizli saxlayan hökumətə bu sualları verməyin mənası yoxdur. Bu sualların cavabı yoxdursa, deməli, minimum maaşın əhatə zonası da bəlli deyil və belə qeyri-şəffaf mühitdə minimum əməkhaqqının hətta 25-30 faizlik artımının belə real təsirindən danışmağın mənası qalmır”.
Minimum əməkhaqqı və pensiya sərəncamı
Maaş artımı sosial ödənişi də artırır