İlqar Məmmədov
Respublikaçı Alternativ Partiyasının sədri
15 il əvvəl, neft pulları Azərbaycana təzəcə gəlməyə başlayanda xəbərdarlıq edirdim ki, sərmayələr üçün rəqabətli mühit yaratmayıb iqtisadiyyatı neft-qaz pullarına alışdırsaq, bu işlərin sonu çox pis olacaq. Amma prezident İlham Əliyev o zamanlar “Azərbaycan sosial dövlətdir” deməyə başladı. Çünki pul çox gəlirdi və hələ gələcəkdi…
Dövlət sosial yardım proqramlarını sağa-sola payladı. İşsizlik problemi mənasız dövlət sərmayələri hesabına bir qədər həll olunmağa başladı. İş tapa bilməyənlər isə özünə əlillik düzəldib neft gəlirlərindən pay alır, buna göz yumulurdu. Çünki “Azərbaycan sosial dövlət” idi.
O vaxtı məni eşidən yox idi. Çox adam deyir guya 2009-cu ildə ANS kanalında bu mövzulu çıxışımı həyəcanla izləyib. Amma əslində 99 faiz o çıxışımı 2015-ci il devalvasiyası iqtisadiyyatı vuranda görüb. Çünki vaxt keçdikcə dediklərimiz doğrulurdu.
2015 devalvasiyası ilk tarixi xatırlatma idi. Başqa iqtisadi şoklar da olacaq. Çünki proqram yazılıb və iqtisadiyyatın orqanizmi o proqramla məhvə doğru addımlayır.
2007-ci ildə bir yazıda göstərirdim ki, neft pullarının ölkəyə güclü axın kimi gəldiyini görən Mərkəzi Bank və hökumət ölkədən pul çıxarma qaydalarını sərbəstləşdirir. Sərmayəçiləri ölkəyə cəlb etməkdən ötrü yox, oğurlanacaq neft pullarını ölkədən daha rahat çıxarmaqdan ötrü.
İndi isə tərsinədir – hər qəpiyin ölkədən çıxmasına nəzarət hər yolla, o cümlədən gömrük nəzarəti yolu ilə gücləndirilir. Çünki neft-qaz pullarının mövcud həcminə iqtisadiyyatın canı öyrəşib, amma o həcm daha əvvəlki kimi artmır, hətta qəflətən azalmaq riski yaşayır.
O vaxt Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmov bunları görürdü, amma nə edə bilərdi? Vətəndaş seçkiyə gəlib bu hökumətin üzərində səsi ilə, onu qorumaqla dinc siyasi təzyiq qurmasa, hamı övladına “ölkədən çıx get” məsləhəti verəcək. Bu, uzaq nəsillərin həyatına aid perspektiv deyil.
1970-ci il təvəllüdlü İlqar Məmmədov Moskva Dövlət Universitetində tarix, Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə ali təhsil alıb.
Bir çox beynəlxalq qurumda, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb.
Milli İstiqlal Partiyası sədrinin müavini olub.
2008-ci ildə Respublikaçı Alternativ Hərəkatını yaradaraq ona rəhbərlik edib, 2018-ci ildən eyniadlı partiyanın sədridir. Partiya 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb. Ali Məhkəmənin Plenumu 2020-ci il aprelin 23-də ona bəraət verib.