Siyasi elmlər doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib. Alim həmçinin türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Qızıl Ulduz” medalına layiq görülüb.
Akademiya qeyd edib ki, Elçin Əhmədovun uzun illər Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyəti, fundamental elmi əhəmiyyət daşıyan çoxsaylı əsərləri yüksək qiymətə layiqdir.
Elçin Əhmədovun Şuşa ili olan 2022-ci ildə xarici ölkələrdə 7 kitabının müxtəlif dillərdə nəşr edilməsi də vurğulanıb.
1968-ci ildə Şuşa şəhərində doğulan Elçin Əhmədov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, orada doktorantura təhsili də alıb, beynəlxalq münasibətlər kafedrasında çalışıb. 1999-cu ildən Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professorudur.
Alim Azərbaycanın xarici siyasəti və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 20 kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, eləcə də 100-dən çox elmi məqalənin müəllifidir.