AZƏRTAC xəbər verir ki, dekabrın 29-da prezident İlham Əliyev Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib.
Arayışa görə, Pirəbədil kəndində yerləşən kompleksin ərazisində inşa olunan hotel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.
Kompleksdə Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodları tətbiq olunur, toksinlərdən azadolma mütəxəssisləri terapiya metodları təklif edir.
“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz var, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün şərait yaradılıb, eyni zamanda restoranlar, başqa iaşə obyektləri, əyləncə və oyun otaqları fəaliyyət göstərəcək.
Hoteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.