Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli əsassız cinayət məsuliyyətinə cəlb edilib və hazırda məhkəmə prosesi keçirilir: “Gültəkin Hacıbəyli 30 noyabr 2022-ci ildə Brüsseldən qayıdarkən Bakı hava limanında, daha sonra 6 saat polis idarəsində saxlanıb və Nəsimi Rayon Məhkəməsində ifadəsi alınaraq sərbəst buraxılıb. Bəlli olub ki, Leyla Arif adlı şəxsin xüsusi ittiham qaydasında şikayəti əsasında Gültəkin Hacıbəyliyə Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi açılıb. Gültəkin Hacıbəylinin xəbəri və iştirakı olmadan bir neçə məhkəmə iclası keçirilib və axırda “üzrsüz səbəbdən məhkəməyə gəlmir” bəhanəsi ilə tutulma qərarı çıxarılıb.
Həmin dövrdə Gültəkin Hacıbəyli ölkədə olmayıb, Dövlət Sərhəd Xidmətindən məhkəməyə bu barədə arayış verilib, ünvanına göndərilən bildirişlər “burada müvəqqəti yaşamır” qeydi ilə məhkəməyə qaytarılıb. Təkcə bu faktlar bəs edir ki, Gültəkin Hacıbəyliyə qarşı məhkəmə təqibinin siyasi sifarişlə başladığı və aparıldığı aydın olsun.
Şikayətçinin iddiasına görə, Gültəkin Hacıbəyli onu “Feysbuk” sosial şəbəkəsində üçüncü bir şəxsin yazısının müzakirə bölümündə separatçı və ksenofob adlandırmaqla ağır cinayətdə ittiham edib, mənəvi cəhətdən alçaldıb. Hərçənd Gültəkin Hacıbəyli şikayətçini cinayət törətməkdə ittiham etməyib, sadəcə onun separatçılıq hərəkatına haqq qazandırmasına və Azərbaycanda yaşayan xalqları bir-birinə qarşı qoymaq cəhdlərinə “separatçı” və “ksenofob” ifadələri ilə siyasi qiymət verib. Üstəlik, müəllif həmin yazını və təbii ki, oradakı müzakirəni, o cümlədən Gültəkin Hacıbəylinin rəyini sonradan tamamilə silib.
Milli Şura hesab edir ki, hakimiyyət Leyla Arifin şikayətinə Gültəkin Hacıbəyliyə qarşı növbəti təqib-təzyiq üçün imkan kimi baxıb. Elə bu yanaşma ilə də iş icraata götürülüb və Gültəkin Hacıbəyliyə cinayət işi açılıb. Prosesin gedişi göstərir ki, hakimiyyət Gültəkin Hacıbəyliyə qarşı qərəzini bu dəfə də davam etdirmək niyyətindədir. Milli Şura hakimiyyətin real müxalif qüvvələrə və şəxsən Gültəkin Hacıbəylinin özünə bəslədiyi düşmən münasibəti nəzərə alaraq bu absurd məhkəmənin sərt cəza ilə bitəcəyini istisna etmir”.
Bəyanatda Gültəkin Hacıbəyliyə qarşı cinayət işinə xitam verib məhkəmə təqibini dayandırmaq, hakimiyyətdən real, köklü islahatlar, bütün siyasi məhbusları azad etmək, repressiyalara son qoymaq tələb olunur.
1973-cü il təvəllüdlü Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu və başqa müxaliflər təmsil olunur.
Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsi Gültəkin Hacıbəylinin işi üzrə prosesi təxirə salıb. Həmin gün keçirilən məhkəmə iclasında Gültəkin Hacıbəyli və vəkilləri hakim heyətinə etiraz vəsatəti qaldırıb. Vəsatət qəbul olunmadığı üçün şikayət veriləcək və proses Bakı Apellyasiya Məhkəməsində baxışdan sonra davam edəcək.
Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Gültəkin Hacıbəyli niyə saxlanıb?