Dekabrın 16-da rəsmi məlumat yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalayıb. Yeniliyə görə, 2023-cü il yanvarın 1-dən bütün pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.
Dövlət Statistika Komitəsinin son hesabatında muzdlu işçilərin orta aylıq maaşında artım 14,5 faiz göstərilib. İllik yekun rəqəm 2023-cü ilin fevral ayında açıqlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş şəxslər üçün arayış da yer alır. Ümumi şərtlərlə pensiyaya çıxmış şəxslərə 2022-ci ildə 200 manat məbləğində maddi yardım (hər rübün əvvəlində 50 manat), xüsusi şərtlərlə pensiya alanlara əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım verilib. 2023-cü il yanvarın 1-dən hər iki yardım pensiyaçıların pensiyalarının tərkibinə daxil olacaq, yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.
Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.
Əmək pensiyasının minimum məbləği 240 manatdır.