Xalid Ağalıyev
Media hüquqçusu
Türkiyədə dezinformasiya qanunu (müxtəlif qanunlara dəyişikliklər zərfi) işə düşüb, jurnalist həbs edilib. Jurnalist Sinan Aygül “Twitter” paylaşımında Bitlisdə 14 yaşlı uşağın bir polis və hərbçinin cinsi istismarına məruz qaldığını iddia edib. Polis rəsmisi ona zəng edib şübhəlilərin polis və hərbçi olmadığını bildirəndən sonra jurnalist paylaşımına belə bir əlavə edib: “Mövzunun təqibçisi olacağam, ancaq dəqiqləşdirmədən paylaşım etdiyim üçün hamıdan üzr istəyirəm”.
Ancaq jurnalist “yanlış informasiyanı qəsdən yaymaq” ittihamı ilə tutulub. O, prokurorluğa ifadəsində deyib: “Qaynaqlarımdan əldə etdiyim məlumatı ictimaiyyətlə bölüşməklə olayın üstünün ört-basdır edilməsini əngəlləmək, həqiqətin üzə çıxarılmasına qatqı vermək istədim. Həm də iki uşaq atasıyam, uşaqlara cinsi istismar mövzusunda daha duyğulu, həssasam. Olay haqda tam dəqiqləşdirmədən bilgi yaymağımın səbəbi bəlkə elə budur. Cinayət törətmək niyyəti ilə yox, jurnalist refleksi ilə hərəkət etmişəm”.
Bu izah jurnalisti məhkəmə qarşısına çıxarılmaqdan xilas etməyib. Məhkəmə hesab edib ki, jurnalistin paylaşımı “xalq arasında əndişə, qorxu, təşvişə yol açan”, “ictimai əmin-amanlığı pozmağa yönələn”, “şübhəli şəxsin təsir etdiyi kütlənin böyüklüyü baxımından ölkənin daxili təhlükəsizliyini təsirləndirəcək” məzmunda olub. Yekunda jurnalist haqqında həbs tədbiri seçilib. Onu 1 ildən 3 ilə qədər cəza gözləyir.
Türkiyədə ifadə azadlığına belə müdaxilələr adi haldır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxanda Türkiyənin ifadə azadlığı üçün dözülməz məkan olduğunu görürsən. Avropa Məhkəməsi indiyə qədər Türkiyə ilə bağlı 418 işdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Bu siyahının ikinci pilləsində Rusiya gəlir – 114 iş. Üçüncülük 40 qərarla Fransaya aiddir.
İfadə azadlığının durumunun problemli olduğu ölkələr sırasında Azərbaycan da var. Azərbaycan Avropa Şurası üzvləri arasında ifadə azadlığı hüququnu ən çox pozan 14-cü ölkədir. Avropa Məhkəməsi 2021-ci ilə qədər 17 işdə bu hüququn pozuntusuna qərar verib. Ermənistanla bağlı belə 4, Gürcüstanla bağlı 2 iş var.