ABŞ Konqresinin nəzdində fəaliyyət göstərən, baş ofisi Vaşinqton şəhərində yerləşən analitik mərkəzin – Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman “Çin texnologiyası İran repressiyasına dayaq durur” adlı məqalə yazıb.
Məqalə ABŞ-ın “Newsweek” həftəliyində dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə İlan Berman üç aya yaxındır İranda davam edən etiraz aksiyalarının ölkədə dini idarəetmə sistemindən birdəfəlik imtinaya yönəldiyini vurğulayır.
Etirazların sentyabrda hicab qaydalarını pozma ittihamı ilə tutulmuş, üç gün sonra dünyasını dəyişmiş gənc kürd qadın Məhsa Əmininin ölümünə etiraz olaraq başlandığını xatırladan müəllif bildirir ki, İran rəsmiləri aksiyaları yatırmaq cəhdlərinin 300-dən çox insanın ölümü ilə nəticələndiyini etiraf edib: “Hüquq müdafiə təşkilatları isə ölənlərin sayının bundan çox olduğunu xəbər verir”.
Tehranın aksiyalar fonunda ölkədə söz və mətbuat azadlığını daha da məhdudlaşdırmağa, rejimə müxalif fəalların fəaliyyətinə nəzarəti gücləndirməyə çalışdığını yazan İlan Berman bu işdə Çin dövlətinin müttəfiqi İrana texnoloji sahədə yardım etdiyini diqqətə çatdırır: “Çində sərt COVİD məhdudiyyətlərinə görə adamlar etiraza qalxıb. Pekinin başı bu daxili iğtişaşlara qarışsa da, o, kölə vəziyyətə salınmış iranlıları daha da boğmağa çalışan Tehran rejimindən yardımını əsirgəmir”.
ABŞ-ın Demokratiyanı Müdafiə Fondunun son hesabatına istinad edən İlan Berman yazır ki, İran hökuməti rejimi qorumaq, müxalif fikirli insanları çevik şəkildə neytrallaşdıra bilmək üçün süni intellektə əsaslanan texnologiyalardan, o cümlədən üztanıma və emosiyaları aşkarlama cihazlarından istifadəni genişləndirməyi planlaşdırır: “Bu planın mərkəzində isə Çinlə əməkdaşlığı gücləndirmək dayanır”.
Məqalədə bildirilir ki, son illər Çində “Tiandy Technologies” şirkəti müşahidə və monitorinq texnologiyaları sahəsində lider quruma çevrilib: “Çin hökuməti Sincan Uyğur Muxtar Rayonunda müsəlman uyğurları kütləvi surətdə güdmək üçün məhz “Tiandy Technologies” şirkətinin məhsullarından yararlanır. İstintaqa cəlb edilən uyğurlar və başqa etnik-dini azlıqların nümayəndələri dindiriləndə, işgəncələrə məruz qoyulanda da “Tiandy” məhsullarından, o cümlədən xüsusi işgəncə kreslolarından istifadə olunur.
Eyni zamanda Çin bu repressiv texnologiyaları təkcə özü tətbiq etmir, onu İran kimi strateji tərəfdaşlarına da ötürür”.
Məqalədə deyilir ki, ötən il Çin İran rejiminin əsas dayağı sayılan İnqilab Keşikçiləri Korpusunu (SEPAH), polisi, silahlı qüvvələrin digər strukturlarını ən müxtəlif “Tiandy” texnologiyaları ilə təmin edib və İran hakimiyyətinin hazırda müxalif qrupların etirazını yatırmaq üçün arxalandığı əsas texnoloji vasitə də “Tiandy” məhsullarıdır.
İlan Berman İranla Çin arasındakı bu repressiya əməkdaşlığının daha da genişləndiriləcəyinə şübhə etmir: “Ötən il İran və Çin hökumətləri 25 illik müddəti əhatə edəcək 300 milyard dollarlıq nəhəng strateji paket barədə razılığa gəliblər.
Həmin razılaşma sayəsində Çin İranın infrastruktur layihələrində, telekommunikasiya sektorunda güzəştli şərtlərlə iştirak etmək, öz hərbi dəniz donanmasını Hörmüz boğazı boyunca limanlara çıxarmaq imkanı qazanır.
Müşahidə texnologiyalarının Çinin ixrac etdiyi əsas məhsullardan birinə çevrildiyini nəzərə alsaq, İranla əməkdaşlıqdan təkcə Pekin rejiminin deyil, Çindəki özəl texnologiya şirkətlərinin də faydalanacağı şübhəsizdir”.
ABŞ rəsmilərinin bu məsələləri diqqətdə saxladığını yazan İlan Berman bugünlərdə Florida şatatından olan senator Marko Rubionun Ağ evə ünvanladığı məktubda “Tiandy”nin İran rejimini dəstəkləməsindən bəhs etdiyini yazır. Məktubunda senator İranda hazırda davam edən etiraz aksiyalarının yatırılması cəhdlərində rol almış “Tiandy Technologies” şirkətinə sanksiyaların tətbiqi məsələsini qaldırıb.
Senatorun tələbini haqlı hesab edən İlan Berman vurğulayır ki, azadlıq mübarizəsini aparanlar yox, onu boğanlar cəza çəkməlidir.
Marko Rubionun səsinə səs verən İlan Berman Ağ evi İran hakimiyyətinin həyata keçrdiyi repressiyaların əsas ortağını – “Tiandy Technologies” şirkətini hədəfə almağa çağırır: “Bununla Ağ ev həm İrandakı azadlıq mübarizəsini əməli surətdə dəstəkləmək, həm də Çinin texno-avtoritarizminə müqavimət göstərmək yolunu tutmuş olardı”.
Mənbə: Newsweek.com