Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr üzrə yeni hesabat yayılıb.
Prezidentin 23 dekabr 2021-ci il fərmanı 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, vəfat etmiş şəxslərin ailə üzvlərinin bu məbləğlərdə birdəfəlik ödəmə almasını nəzərdə tutur: I dərəcə əlilliyə görə – 8800 manat; II dərəcə əlilliyə görə – 6600 manat; III dərəcə əlilliyə görə – 4400 manat.
Fərmanın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb, ödəmələrin verilməsinə 2022-ci il avqustun 2-də başlanıb.
Nazirliyin dekabrın 8-də yaydığı məlumata görə, ödəmələr 16 min 659 şəxsi əhatə edib (onların 1017-si vərəsədir).
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.
Hərbi qulluqçu 11 min manat məbləğində sığorta edilir.
Prezidentin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 1997-ci il avqust ayının 2-dək şəhid olmuş şəxslərin vərəsələrinə 11 min manat birdəfəlik ödəmə verilib.