İsrail hərbi kəşfiyyatının baş analitiki, briqada generalı Amit Saar İrandakı vəziyyətlə bağlı proqnozunu açıqlayıb.
Amit Saar İsrail hərbi kəşfiyyatının analitik şöbəsinin rəhbəridir və ölkədə milli strateji proqnozlaşdırma üzrə məsul şəxsdir.
Üç aya yaxındır İranda kütləvi aksiyalar keçirilir. Sentyabrda hicab qaydalarını pozma ittihamı ilə tutulan və üç gün sonra dünyasını dəyişən gənc kürd qadın Məhsa Əmininin ölümünə etiraz olaraq başlanmış aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 400 nəfərdən çox adamın ölümü, 15 min nəfərin həbsi ilə nəticələndiyi bildirilir.
Bəzi analitiklər bu prosesləri inqilabi gedişat kimi dəyərləndirir, hətta İranda dini dövlət quruluşunun tezliklə devriləcəyini proqnozlaşdırırlar.
Amma general Amit Saar fərqli düşünür.
Novator.az saytı İsrailin “Haaretz” qəzetinə istinadla xəbər verir ki, Amit Saar İrandakı dini rejimin bu böhrandan salamat çıxacağını ehtimal edir: “İrandakı repressiv rejimin bu cür etirazların öhdəsindən gələ bilmək üçün çox güclü metodları var”.
Generalın fikrincə, İranda dini dövlət quruluşunun ömrü hələ uzun sürəcək: “Amma rejim ölkədə kütləvi etirazları səngitməyi bacarsa belə, indiki böhranı doğuran səbəblər qüvvəsində qalacaq. Ona görə qarşıdakı illərdə də İran rejimi ciddi çətinliklərlə üzləşməli olacaq”.
Bugünlərdə İran prezidenti İbrahim Rəisi hökumət üzvləri ilə təkbətək görüşlər keçirib. “Haaretz” qəzeti bunu hakimiyyətin aksiyalar sarıdan narahatlığının artmasına növbəti sübut kimi qeyd edir.
İran mediası Rəisinin nazirlərlə təkbətək görüşündə ölkədəki son hadisələrin müzakirə olunduğunu bildirsə də, təfərrüat açıqlanmayıb.
Təxminən eyni dövrdə İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkədə hicab qaydalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin fəaliyyətini dayandırdığını söyləyib.
Onsuz da Məhsa Əmininin ölümündən sonra keçirilən kütləvi etiraz aksiyaları fonunda əxlaq polisinin fəaliyyəti duyulmur. Ancaq Daxili İşlər Nazirliyinin bu bölməsinin ləğvi barədə də hələlik rəsmən qərar qəbul olunmayıb.
Bütün bunları xatırladan “Haaretz” qəzeti yazır ki, kütləvi etiraz aksiyalarının müsbət nəticə verib-verməyəcəyi, rejimin xalqın tələbi qarşısında güzəştlərə gedib-getməyəcəyi qeyri-müəyyən qalır və ekspertlərin də proseslərin İranı hara apardığı ilə bağlı proqnozları bir-birindən xeyli fərqlənir.
Mənbə: Haaretz.com