Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmağa yönəlmiş 25 yanvar 2021-ci il sərəncamını yeniləyib. Novator.az bildirir ki, 2022-ci il dekabrın 7-də rəsmiləşən dəyişikliyə görə, bu şəxslərin (ailələrin) mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər həyata keçirilməlidir:
– 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
– yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
Sərəncamın icrasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuldur.