Prezident İlham Əliyev noyabrın 21-i hakim Yeni Azərbaycan Partiyasının 30 illik yubileyindəki çıxışında Azərbaycanda təbii sərvətlərdən əldə olunan gəlirlərin ədalətli bölüşdürüldüyünü vurğulayıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, dövlət başçısının sözlərinin arxasında real statistika dayanmalıdır: “Etibarlı, cəmiyyətin güvəndiyi statistikadan söhbət gedir. Məsələn, milli statistika qurumları ölkədə gəlir və sərvətlərin nə dərəcədə adil bölüşdürüldüyünü nümayiş etdirmək üçün Gini əmsalını hesablayıb təqdim edirlər (Palma, Teyl kimi başqa indekslər də var). Lorens əyrisi əsasında bərabərsizliyi ölçən Gini əmsalı gəlir və sərvətin əhalinin ən yoxsul və ən zəngin 10 və ya 20 faizlik qrupları arasında necə bölündüyünü görməyə imkan verir. Bizdə böyük neft gəlirlərinin start ili olan 2005-ci ildə bu statistika necə idi, hazırda durum nə yerdədir? Bu göstəricini ölçən hətta rəsmi statistika da yoxdur. Hamımızın gözlə gördüyümüz real həyatı qoyuram kənara, sızdırılan bəzi məlumatlar ölkədə çox ciddi sərvət bərabərsizliyi olduğunu göstərir. Məsələn, bir müddət əvvəl belə bir fakt ortaya çıxmışdı ki, bank sektorunda olan bütün depozitlərin 44 faizi 1 faiz əmanətçiyə məxsusdur. Yaxud Dünya Bankının belə bir hesablaması vardı ki, ölkədə ən zəngin və ən yoxsul 10 faiz ev təsərrüfatlarında adambaşına səhiyyə xərcləri arasında fərq 8,5 dəfəyə çatır.
Hətta məmurun maaşının gizli saxlandığı, gəlir və əmlak bəyannaməsi mexanizminin işləmədiyi ölkədə gəlir və sərvət bərabərsizliyinin miqyasını görmək üçün yeganə yol hər gün real həyatda gördüyümüz reallıqdır. Nazir korpusunu və daha yüksək vəzifəli heyəti qoyuram bir kənara, hansı icra başçısını tuturlar, bir neçə milyon manatlıq əmlakı çıxır ortaya”.
Gini əmsalı amerikalı iqtisadçı Maks Otto Lorensin adı ilə bağlı olan Lorens əyrisinin köməkliyi ilə hesablanır və 0-1 intervalında dəyişir (0 tam bərabərliyi, 1 qeyri-bərabərliyi əks etdirir).
AXCP sədri Əli Kərimli eyni mövzuda replika yayıb: “Mafiyanın yeyib bitirdiyi Beynəlxalq Bankın borclarını ödəmək üçün dövlətin 11 milyard manat tapmaq imkanı var, ancaq millətin 2 milyon nəfərdən çox uşağını yoxsulluqdan xilas etmək üçün ildə 3 milyard manat tapmaq imkanı yoxdur.
Naxçıvanın maliyyə nazirinin oğurlaması üçün 144 milyon manat varmış, ancaq 10 milyon insan üçün çörək, un və un məmulatlarının əvvəlki qiymətlərini saxlamağa gərəkli 223 milyon manat tapılmadı.
İcra başçısı qəfil xərclər və gündəlik alış-veriş üçün evində 10 milyon manat nağd pul saxlayır, ancaq şəhidin ailəsinə cəmi 11 min manat, qazilərimizə 4, 6 və 8 min manat sığorta pulu verilir.
Gömrük Komitəsinin Naxçıvan idarəsinin bircə şöbə müdirinin oğurlaması üçün 132 milyon manat var, ancaq 24 ilə qədər iş stajı olan 65 yaşlı ahıl vətəndaşa pensiya verməyə pul yoxdur. Onlar 180 manat qocalıq müavinəti ilə dolanmağa məhkumdur”.