Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri
Axır vaxtlar tez-tez eşidirik: “Azərbaycan əvvəlki Azərbaycan deyil, bizimlə belə danışmaq olmaz…”.
Gerçəkdən Azərbaycan dəyişib. Müsbət yenilik odur ki, ərazilərimizin böyük hissəsi işğalçılardan geri alınıb. Baxmayaraq ki, Qarabağın bir hissəsi hələ də rusların nəzarəti altındadadır, amma xalq olaraq özümüzü qalib hesab edir və İkinci Qarabağ müharibəsinin nəticələri ilə haqlı öyünürük.
Amma Azərbaycanın gücü yalnız hərbi müstəvidəki nəticələrlə ölçülə bilməz. Başqa göstəricilərə də baxaq.
Son zamanlar BMT-də çox səsvermələrdən yayınmaqla mövcudluğumuzu da göstərə bilməmişik. NATO-da, ATƏT-də, Avropa Parlamentində, Avropa Şurasının Parlament Assembleyasında, G7 dövlətlərinin parlamentlərində qərarlara əvvəlki təsirlərimizi qoruyub saxlaya bilməmişik, yeni dostlar qazanılmayıb, əksinə, düşmənlərlə daha gərgin münasibətlər yaranıb. Deməli, beynəlxalq arenada diplomatik təsirlərimiz zəifləyib.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2020-ci il müharibəsindən sonrakı dövrdə adambaşına düşən gəlirlərin artım tempinə görə qonşu Gürcüstandan və Ermənistandan geriyik. Dünya Bankının proqnozlarına görə, islahatlar olmazsa, Azərbaycan iqtisadiyyatı 2050 ilədək orta hesabla 11 faiz böyüyəcək, bu da aşağı göstərici hesab olunur.
Əhalinin vəziyyəti son iki ildə daha da pisləşib, işsizlərin və yoxsulların, narkotikə qurşananların, ölkəni tərk edənlərin sayı artıb. Ərzaq Gürcüstan və Ermənistanla müqayisədə daha çox bahalaşdığından aztəminatlı əhalinin yaşam şərtləri ağırlaşıb. Nisyə dəftərləri, borclar, intiharlar çoxalıb.
Ölkədə korrupsiya, talançılıq daha da inkişaf edib, varlılar daha da varlanıb, kasıblar daha da kasıblaşıb. Ailə hakimiyyətinə bağlı şirkətlərin inhisarçılığı həm regionlar, həm də bazarlar üzrə genişlənib. Bazarda hökmran mövqeyə malik şirkətlər müharibədən sonra özlərinə yeni məkan tapıb. İşğaldan azad edilmiş ərazilərə məcburi köçkünlər qayıtmadan gəlirli sahələr Azərbaycan və Türkiyə siyasi hakimiyyətlərinə bağlı bizneslər arasında bölüşdürülüb.
Nəhayət, hakimiyyət siyasi gücünü xalqdan deyil, Rusiyadan almaqda davam edir. Xalqdan siyasi güc almayan heç bir hakimiyyət güclü ola bilməz. Azərbaycanın güclənməsinin yeganə yolu ölkədə xalqın hakimiyyətin bərpası, azad və ədalətli seçkidə xalqın mandatı ilə milli hakimiyyətin formalaşmasıdır.
Güclü və bütöv Azərbaycanın, qüdrətli milli iqtisadiyyatın və rifah cəmiyyətinin yaranması üçün hər kəsin edə biləcəyi çox şey var. Yetər ki, şirin nağılları deyil, acı da olsa, həqiqətləri qəbul edib birləşək və xalqın hakimiyyətini bərqərar edək, sözdə deyil, əməldə güclənək.