Əli Kərimli
AXCP sədri
Çində, sənaye mərkəzi Şanxay daxıl onlarla şəhərdə kütləvi etiraz aksiyasının keçirilməsi, Çin Kommunist Partiyasından və ölkə liderindən istefa tələb olunması əsl sensasiyadır. Aydındır ki, dünyada heç bir avtoritar və totalitar idarəetmənin gələcəyi, perspektivi yoxdur. İnsanın arzu və istəklərini buxovlayan bütün qeyri-demokratik rejimlər böhrana, iflasa məhkumdur. Ancaq Çində Kommunist Partiyasının zorakı hakimiyyəti hələlik sabit görünürdü. Çində də etirazlar başlayıbsa, deməli, avtoritar və totalitar sistemlərin sistemli böhranından danışa bilərik.
Rusiyanın Ukraynadakı hərbi uğursuzluğu avtoritarlığın bu regional mərkəzində siyasi böhranı yaxınlaşdırır.
İranda üçüncü aydır davam edən kütləvi etirazlar dini hakimiyyəti çox ciddi silkələyib. Bu ölkə də daha əvvəlki kimi olmayacaq.
Artıq növbə hətta Çinə də yaxınlaşır.
Dünyadakı avtoritarizm və totalitarizm mərkəzləri siyasi böhrana girdikcə balaca diktatorlar da nəticələr çıxarmağa başlayır. Bir neçə gün öncə Belarus hakimi Lukaşenko İrəvanda elan etdi ki, Rusiya müharibədə məğlub olsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qalmayacaq. Onu da etiraf etdi ki, Rusiya çöksə, onlar da Rusiyanın qalıqları altında qalacaqlar.
Venesuela diktatoru Maduro da vəziyyətin rejimlər üçün çarəsizliyini anlayıb, müxalifətlə bir il öncə dayandırdığı dialoqu bərpa edib, sosial, səhiyyə, təhsil, ərzaq təhlükəsizliyi kimi sahələrdə müxalifətlə birlikdə işləmək razılığı əldə olunub. Hökumətlə müxalifət beynəlxalq təşkilatlara birlikdə müraciət ediblər ki, Venesuelanın dondurulmuş dövlət vəsaitlərinin bir qismindən humanitar problemlərin həlli üçün istifadəsinə imkan verilsin. ABŞ Maduronun müxalifətlə dialoqu bərpa etməsini nəzərə alaraq Venesuelaya neft sanksiyasını bir az yumşaldıb, “Şevron” şirkətinə Venesueladan neft çıxarıb ABŞ-a satmasına 6 aylıq lisenziya verilib. Ancaq neft pulları Venesuela hökumətinə verilmədən birbaşa humanitar proqramlara xərclənəcək. Müşahidəçilər Maduronın müxalifətlə dialoqu bərpa etməsini bu ölkədə də avtoritarizmin süqutunun ayaq səsləri kimi qiymətləndirir.
Qaldı Azərbaycandakı korrupsioner hakimiyyətin dünyadakı qlobal demokratikləşmə dalğasını anlaması və xalqımızın da öz gücünə inanıb taleyinə sahib çıxması.