Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu ölkənin işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış üzrə ilk dövlət proqramını şərh edib.
Proqram noyabrın 16-da prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənib.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, tədbirlər planı işğaldan azad ərazilərə 2022-2025-ci illərdə 10270 ailənin, 2026-cı ildə 24230 ailənin köçürülməsini nəzərdə tutur: “İndiyədək bölgəyə (Zəngilanın Ağalı kəndinə) cəmi 66 ailə (325 nəfər) köçürülüb. Gələn ilin martına kimi daha 100 nəfərin köçürülməsi planlaşdırılır. Bu baxımdan proqramda qoyulan kiçik hədəf – 5 ilə 34500 ailənin köçürülməsi əlçatmaz və qeyri-real görünür”.
Qubad İbadoğlu həmçinin qeyd edir ki, dövlət proqramının hazırlanması prosesində qanunvericiliyin tələbləri pozulub, layihənin ictimai müzakirəsi keçirilməyib: “Proqrama görə, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi əsas prioritetlərin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər. “Proqnozlaşdırılan müddət” dedikdə nə nəzərdə tutulduğu açıqlanmır. Ümumiyyətlə, belə bir proqnoz varmı, yoxsa bir müddət öncə prezidentin səsləndirdiyi 30 il kimi şişirdilmiş müddətdən söhbət gedir?
Minatəmizləmə prosesinin “Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına” uyğun aparıldığı yazılır. Yaxşı olardı ki, bu fəaliyyət planı ictimaiyyət üçün açıqlansın. Ancaq təəssüf ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu plan açıqlanmır. Çünki açıqlansa, hamıya məlum olar ki, ilk növbədə yaşayış məntəqələri yox, məmurların əkdiyi torpaqlar, o məkanlara yollar, çəkilən suvarma kanalları üçün gərəkli sahələr minalardan təmizlənir.
Proqramın maliyyələşmə mənbələri arasında Azərbaycan Biznesinin İnkişafı Fondu da göstərilir, ancaq belə bir fond fəaliyyət göstərmir. Onun yaradılması nəzərdə tutulsa da, yaratmağı unudublar.
Proqramda yazılır ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur. Belə başa düşülür ki, işğaldan azad ərazilərə 2026-cı ilədək köçürülənlərə pay torpaqları ayrılmayacaq, torpaq islahatı (torpaqların dövlət, bələdiyyə torpaqlarına və özəl torpaqlara bölgüsü) keçirilməyəcək, bələdiyyələr fəaliyyət göstərməyəcək, məcburi köçkünlük dövründə olduğu kimi əhaliyə icma kimi yanaşılacaq, məcburi köçkünlər yalnız məmurların torpaqlarında və şirkətlərində işləmək üçün işçi qüvvəsi tələbinə uyğun və lazım olan həddə, hissə-hissə köçürüləcək”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.