Orta təhsil sistemi müəllimlərinin maaşları 2023-cü ilin yanvarından 10 faiz artırıla bilər. Novator.az-ın məlumatına görə, bu barədə qeyri-rəsmi bilgiləri əsas götürən iqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, orta məktəb müəllimlərinin maaşlarında əhəmiyyətli artım 2016-cı ildə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi əsasında olub: “3 ilə qədər stajı, ali təhsili və tam dərs yükü (18 saat) olan müəllimlərin aylıq məvacibi 350 manat müəyyən edildi. Son 6 ildəki iki artımdan sonra bu rəqəm 552 manata çatıb. Vergi çıxılmadan hesablasaq, bu, 57,7 faiz artım deməkdir. Amma vergi yükünü nəzərə almamaq yanlış olar, çünki 6 ildə müəllimlərin vergi yükü də artıb və hesablamanı xalis əməkhaqqı üzərindən aparanda nəticə dəyişir.
2016-ci ildə yaşayış minimumunun 1 misli, yəni o dövrdə qüvvədə olan məbləğlə 136 manatlıq hissə gəlir vergisinə cəlb edilmirdi. İcbari tibbi sığorta və işsizlikdən sığorta ödənişləri mövcud deyildi, işçinin maaşından yalnız 3 faiz pensiya sığortası tutulurdu. Məvacibi 350 manat olan gənc müəllim təxminən 30 manat gəlir vergisi və 10 manat sosial sığorta haqqı ödəyir, xalis 310 manat maaş ala bilirdi.
Eyni statusda olan müəllimin indiki vergi tutma mexanizmi ilə
ümumi vergi yükü 80 manat, xalis maaşı 472 manatdır. 2,5 faizlik əlavə sığorta yükü (200 manatlıq hissə gəlir vergisinə cəlb edilmir, yerdə qalan məbləğdən 14 faiz tutulur, 2 faiz icbari tibbi sığorta, 0,5 faiz işsizlikdən sığorta haqqı, 3 faiz pensiya sığortası ödənir), gəlir vergisinə cəlb olunan məbləğin böyüməsi hesabına ümumi vergi yükü 11,4 faizdən 14,5 faizə yüksəlib. Yəni 6 il əvvəl hər 100 manatın 11,4 manatı vergi-sığorta ödəmələrinə gedirdi, indi bu məbləğ 14,5 manatdır.
Daha bir vacib məqam odur ki, hətta rəsmi qiymət müşahidələri əsasında hesablama apardıqda son 6 ildə minimum qida səbətinə daxil olan 20-yə yaxın ən zəruri ərzaq məhsulunun dəyəri 60 faizə yaxın artıb. Kommunal xidmətlər səbəti də 50 faizdən çox bahalaşıb. Bu fakt onu göstərir ki, son 6 ildə orta məktəb müəllimlərinin xalis məvacibinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb – yəni onların həyat səviyyəsi pisləşib. Halbuki diaqnostik qiymətləndirmədən sonra müəllimlərin maaşlarının daha sürətlə artacağı vəd olunurdu.
2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı strategiyasında qeyd edilmişdi ki, müəllimlərin illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbəti mərhələlərlə 1,8-2 dəfəyədək artırılacaq. Amma sənəd qəbul edilən anda da həmin göstərici 57 faiz ətrafında idi, hazırda da həmin səviyyədə qalıb”.