İsa Qəmbər
Müsavat Partiyası noyabrın 15-də İran teokratik rejiminin ölkədə insanlığa zidd, ölkə xaricində Azərbaycana zidd siyasətinə qarşı dinc etiraz aksiyası keçirdi (Müsavatçılar İrana tələblər qoydu). Aksiya elan edilən kimi həm Tehranda, həm Bakıda rəsmi dairələrin diqqətini çəkdi. İran rejiminin sözçüləri Müsavat aksiya keçirərsə, Tehranda Azərbaycan səfirliyini yandıracaqlarını, Azərbaycan rəsmiləri isə Müsavatın aksiyasına imkan verməyəcəklərini bəyan etdi.
Azərbaycan iqtidarı polisin zorakılığı ilə aksiyanın qarşısını almağa çalışdı. Hələ tədbir başlamamış bir çox Müsavat fəalı saxlandı. Aksiyanın gedişində isə polis səfirliyin binasını mühasirəyə aldı, Müsavat başqanı Arif Hacılı, onlarca partiya fəalı və bitərəf şəxs tutuldu.
İştirakçıların fədakarlığı və media təmsilçilərinin səyləri nəticəsində aksiya geniş işıqlandırıldı, həm Güneydə, həm Quzeydə diqqəti cəlb etdi. Müsavat Partiyasının müvafiq qətnaməsi də konseptual və prinsipial mahiyyəti ilə tədbiri dolğunlaşdırdı.
Bu aksiyanın əsas mesajları güneyli soydaşlarımıza tam dəstək, İran rejiminə xəbərdarlıq, Azərbaycan toplumuna mövzuya diqqət, Azərbaycan hakimiyyətinə dünyadakı bütün soydaşlarımıza görə məsuliyyət daşımanın xatırladılması idi.
Tədbirin bütün mesajları hədəfinə çatdı.
Bu günlərdə BMT-də İran rejiminin ölkədə insan haqlarını pozması haqda səsvermə keçirməsi isə Müsavat Partiyasının keçirdiyi aksiyanın aktuallığını bir daha təsdiq etdi. Əksər ölkələr İran rejiminin insan haqlarını pozmasına birgə etiraz etdilər, Azərbaycan Respublikasının təmsilçiləri isə İran rejimini qınamaqdan yayınmaqla Azərbaycan hakimiyyətinin İranla bağlı aydın, prinsipial və ardıcıl mövqeyinin olmadığını etiraf etmiş oldular.
Müsavat Partiyasının etiraz tədbirinin aktuallığı həmçinin son günlərdə İranda kütləvi etirazların daha da genişlənməsi, qarşıdurmanın daha da kəskinləşməsi ilə təsdiq olundu.
Azərbaycan dövlət və cəmiyyət olaraq təkcə şimalda Putin rejiminin deyil, həm də cənubda molla rejiminin çökəcəyinə, yalnız Rusiyanın deyil, həm də İranın parçalanma ehtimalına ciddi hazırlaşmalıdır.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə parlamentin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavatın başqanı postunu tutan İsa Qəmbər hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.