İrandakı etirazların bir problemi var, bu hərəkatın lideri yoxdur. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Middle East Eye” internet nəşrində dərc olunan məqalədə belə deyilir.
Bildirilir ki, əslində lidersiz aksiyalar da rejimləri devirə bilər, 2011-ci ildə bir sıra ərəb ölkəsini əhatə edən, “ərəb baharı” adını almış üsyanlar buna nümunədir.
Ancaq qeyd olunur ki, lidersiz inqilablar rejimi dəyişəndə hakimiyyət boşluğu yaradır, bu isə inqilabın korrupsiyaya son qoyacağına, yeni iqtisadi ədalət erasına qədəm qoyulacağına ümidləri puça çıxara bilər: “Məsələn, “ərəb baharı”nın başlanğıcını götürdüyü Tunisdə indi yenə avtokratiya hökm sürür”.
Məqalədə deyilir ki, İran avtoritar yox, daha çox totalitar ölkədir, başında dini lider dayansa da, ölkəni əslində bir nəfər deyil, sistem idarə edir: “2011-ci ildə Tunisdə və Misirdə on illər boyu hakimiyyətdə olmuş liderlər Zeynalabdin Ben Əli və Hüsnü Mübarək bir neçə günə devrildi. Amma cəmiyyətin ayrı-ayrı təbəqələrinin dəstəklədiyi sistemi devirmək bu qədər asan deyil.
Reallıq ondan ibarətdir ki, İrandakı hazırkı mübarizə müəyyən mənada həm də əsrlərdir parçalanmış İran cəmiyyətində mühafizəkarlarla modernistlər arasında gedən mübarizənin davamıdır. İran İslam Respublikasının hakim elitasında əsasən mühafizəkarlar cəmlənib, modernistlər dedikdə isə liberal islamçılar və dinin dövlətdən ayrılmasını istəyən sekulyaristlər nəzərdə tutulur.
İrandakı etirazların liderə ehtiyacı olduğu fikrini kimlərsə tənqidlə qarşılaya, “lider olsa, onsuz da rejim onu zərərsizləşdirəcək” deyə də bilər. Məsələn, 2009-cu ilin prezident seçkisi dövründə İranda “yaşıl hərəkat” vüsət almışdı. Bu hərəkatın əsas lideri prezidentliyə namizəd Mirhüseyn Musəvi idi. Mühafizəkar qanadın təmsilçisi Mahmud Əhmədinejadın prezident postunu qoruması ilə nəticələnmiş həmin seçkidən sonra Mirhüseyn Musəvi ev dustaqlığına salındı.
Ona görə indi İran xalqına ölkədən kənarda yaşayan bir şəxsin liderlik etməsi daha uyğun bir variant olardı.
1979-cu ildə İranda islam inqilabı baş qaldıranda bu inqilabın lideri Ayətullah Ruhullah Xomeyni xaricdə yaşayırdı.
Problem ondadır ki, indi nə ölkə daxilində, nə də ölkənin xaricində İran cəmiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin dəstəklədiyi bir populyar müxalifət lideri yoxdur.
Hələ ki, İranın hakim elitası etirazçılarla “domino effekti”nə yol verməmək düşüncəsi ilə davranır. Yəni hakimiyyət hesab edir ki, rejim bir addım geri çəkilsə, etirazlar daha da aqressivləşə, daha ağır tələblər qoyula, sistem dağıla bilər.
Amma İranda bəzi qayda-qanunlara yenidən baxılmasının “domino effekti” verməyəcəyini, sistemi çökdürməyəcəyini düşünən, güc mərkəzlərini buna inandırmağa çalışan mühafizəkarlar da az deyil.
Ümumən İranda uğur qazana bilməsi üçün istənilən hərəkatın populyar liderə – xalqı səfərbər edəcək, birləşdirəcək, istiqamətləndirəcək, həmçinin hansısa məqamda rejim devrilərsə hakimiyyət boşluğunu aradan qaldıra biləcək nüfuzlu şəxsə ehtiyacı var.
Lider kütlələrin tələblərini diqqət mərkəzinə çəkməli, ayaqda qalmaq uğrunda çarpışan milyonlarla insanın səsinə güc verməlidir.
Bütün bu deyilənlər heç də indiki etirazların əsas devizinə çevrilmiş, qadınlara qarşı iyrənc ayrı-seçkiliyə son qoyulması məqsədi daşıyan “Qadın, həyat, azadlıq” şüarından imtina edilməsi kimi başa düşülməməlidir”.
Sentyabrın 18-dən İranda davamlı etiraz aksiyaları keçirilir. Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.
Mənbə: Middleeasteye.net